“Neftçi”nin kapitanı: “Təkcə cinahlar yox, bütün komanda “yatmışdı” – Müsahibə

“Neftçi”nin kapitanı Emin Mahmudov İsraildə “Bney Yehuda”ya 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunundan sonra müsahibə verib.

Komanda.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Mahmudov bunları deyib:

– İlk növbədə azarkeşlərimizdən üzr istəyirəm. Çünki onlar bizi Bakıda da, burda da sonadək dəstəkləyirdilər. Oyuna gəlincə, bütün mübarizələri uduzduq. Uşaq səhvlərindən qollar buraxdıq, ön xətdə heç nə yarada bilmədik. Bu cür futbolla mərhələni keçməyə layiq deyilik.

– Amma “Neftçi” əvvəlki mərhələlərdə belə deyildi. Nə dəyişdi?

– Yəqin psixologiyamız belədir ki, bir uğurlu oyundan sonra göylərə qalxırıq.

– Bu məğlubiyyətdən sonra çempionatda özünüzə necə gələcəksiz?

– Mütləq özümüzə gəlməliyik. Çünki məğlubiyyəti həzm etməyə vaxtımız da yoxdur. Ötən mövsüm böyük xal fərqi yaratsaq da, qış fasiləsindən sonra “Qarabağ” demək olar bütün oyunlarda qələbə qazanıb çempion oldu. Ümumiyyətlə, çempionatda hər oyuna tam məsuliyyətlə çıxmalıyıq. Nəhayət, mübarizə aparmalıyıq, meydanda gəzişməməliyik.

– Bu məğlubiyyətdə əsas səbəb Tula “Arsenal”ı üzərində qələbələrdən sonra arxayınlığın yaranmasıdır?

– Bilmirəm problem nədədir. Bəlkə, qeyd etdiyiniz məqamın da rolu var. İki qol buraxdıqdan sonra ayılırıq və mübarizə aparmağa başlayırıq. Döyüşə ilk dəqiqədən başlamaq lazımdır.

– Yarımmüdafiənin mərkəzində tək qalmışdın – nə Soni Mustivar sənə dəstək olurdu, nə də Mamadu Kane. Elə cinahlar da “fil qulağı”nda yatmışdı. Rauf Əliyev topsuz idi. Axı ilk oyunun birinci 45 dəqiqəsindən dərs çıxarmaq olardı. Ancaq İsraildə də analoji ilk 45 dəqiqə izlədik.

– Təkcə cinahlar yox, bütün komanda “yatmışdı”. Özü də bu iki oyunda bənzər yalnız ilk 45 dəqiqələr yox, hər iki 90 dəqiqə oldu. Bəli, ilk matçdan sonra baş məşqçimiz bizə nə etməli, necə etməli olduğumuzu izah etmişdi. Təəssüf ki, onun dediklərinin heç birini yerinə yetirmədik.