“Onsuz da çempionatda hər 7 oyundan bir eyni komanda ilə qarşılaşırıq” – “Neftçi”nin kapitanı

“Neftçi”nin futbolçusu Emin Mahmudov klub televiziyasına açıqlama verib.

Komanda.az xəbər verir ki, “ağ-qaralar”ın kapitanı, yoxlama oyunlarının ölkə çempionatına təsir etmədiyini deyib:

“Məncə, yoxlama oyunları çempionata heç vaxt təsir etmir. Çünki yoxlama oyunu ona görə lazımdır ki, biz yaxşı formamımızı yığaq. Burada həmişə ağır məşqlər olur. Düzdür, “Sabah”la yaxşı nəticə olmadı, amma bu, yenə də çempionata təsir edən deyil. Belə oyunlar bizi çempionata hazırlayır.

Yeni mövsümə necə hazırlaşdığımızı ancaq çempionat oyunları göstərəcək. İndi dəqiq demək olmaz ki, necə hazırlaşmışıq. Premyer Liqada bir neçə oyun keçirmək lazımdır. Onsuz da çempionatda hər 7 oyundan bir eyni komanda ilə qarşılaşırıq. Ona görə də, ilk turda kimlə düşəcəyimizin fərqi yox idi. Məncə, buna heç fikir verməmək lazımdır”.

Mahmudov, Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibləri “Şkupi” haqda da bunları deyib:

“Əsas “Şkupi”dir, ona da baxaq, görək necə olacaq. Məşqçimiz onların yaxşı və pis tərəflərini bizə göstərəcək”.

“Neftçi” bu gün Premyer Liqanın ilk turunda “Səbail”i qəbul edəcək. Görüş saat 20:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button