“Ürəyim partlayırdı ki, insanlar orada vətən üçün döyüşür, mən də burada oturmuşam və əlimdən bir şey gəlmir” – Müsahibə

Karyerası ərzində Azərbaycanda “Neftçi”, “Səbail”, “Rəvan”, “Qəbələ”, Türkiyədə “Ərciyəsspor”, Portuqaliyada “Atletiko”, Yunanıstanda “AE Larisa”, Kosovoda “Dritsa”, Bosniya və Herseqovinada “Çelik” klublarında çıxış edən, hazırda Moldova “Milsami”sinin formasını geyinən azərbaycanlı futbolçu Amit Quluzadənin Komanda.az saytına müsahibəsi:

  • Amit, Moldovada vəziyyət necədir?
  • Vəziyyət normaldır. Belə deyim, yaşayış əvvəlki səviyyəsinə qayıdıb, əvvəl bəzi yerlərdə – qapalı məkanlarda oturmağa icazə verilmirdi, ancaq bu da düzəlib. Həyat normal axarında davam edir.
  • Yeni komandana – “Milsami”yə uyğunlaşa bilmisən?
  • Vallah, uyğunlaşma prosesi olmadı desəm, daha düzgün olar. Artıq neçə ölkədə oynamışam, nəyi necə etmək lazım olduğunu yaxşı bilirəm. Burdakı futbolçuların da əksəriyyədi moldovalıdır və onlar da rus dilini bilir. Buna görə də, uyğunlaşmaqda hansısa problem olmadı.
  • Bir neçə ildir ki, legioner həyatı yaşayırsan. Türkiyə, Portuqaliya, Yunanıstan, Bosniya və Herseqovina, Kosovo kimi ölkələrdə də çıxış etmisən. Legioner olaraq nə təcrübə qazanmısan?
  • Sözün düzü, nə kimi təcrübə qazanmışam, bilirəm. Belə deyim də, qazandığım təcrübəni bir müsahibəyə sığdıra bilmərəm, çox təcrübə qazanmışam. Elə şeylər var ki, gərək yaşayıb biləsən. Fikirləşirəm ki, bundan sonrakı futbol həyatımda da, futboldan kənar həyatımda da yaşadığım təcrübələr, öyrəndiyim şeylər mənə çox kömək olacaq.
  • Azərbaycanlı futbolçular ölkə xaricinə çıxmaq istəmir, gedən də tez qayıdır. Sən nə əcəb bu qədər uzun müddət legioner oldun?
  • Mənim üçün hər zaman – futbola başladığım gündən məqsəd o olub ki, ölkə xaricində oynayım. Futbola ilk başlayanda qarşıma məqsəd qoydum ki, ölkə xaricinə gedim. Allaha çox şükürlər olsun ki, buna da nail ola bildim. Oynadığım ölkələr də səviyyəcə o qədər də pis olmadı. Çox yaxşı təcrübələr qazandım, bir neçə dil öyrəndim. Çox böyük əlaqələr qurdum, bir çox yaxşı tanışlıqlarım oldu.
  • Moldova klubları son zamanlarda Azərbaycan təmsilçiləri ilə tez-tez qarşılaşırlar. Sonuncu dəfə də “Neftçi” Moldova “Sperantsa”sını Avroliqadan darmadağınla kənarlaşdırdı. Moldovalılar azərbaycanlıları necə tanıyır?
  • Moldovada Azərbaycanı və bu ölkənin futbolunu yaxşı tanıyırlar. Bir neçə dəfə klublarımız qarşılaşıb. Azərbaycan futboluna maraq çoxdur. Həm də moldovalı futbolçulardan Azərbaycanda oynayanlar var. Onların müsahibələri burada – mətbuatda gedir. Moldovalılar Azərbaycanla, futbolla maraqlanır, bilirlər ki, kim necədir. Yəni tanımaq barəsində hər şey yaxşıdır.
  • Bir neçə ölkənin klublarında oynamısan. Azərbaycan futbolunu digərlərindən fərqləndirən nələrdir?
  • Hər ölkənin öz fərqi var. Həqiqətən, hər ölkənin, hər komandanın öz oyun üslubu var. Ölkədən ölkəyə çox şey dəyişir. Bəzi yerlərdə fiziki oyun ön plana çıxır, bəzilərində ancaq uzun toplarla oynayırlar – hücumdan tez bir zamanda müdafiəyə, müdafiədən də hücuma keçidlər uzun toplarla olur. Müqayisə etmək çətindir, hər ölkənin futbolunun öz üslubu var və komandalar da ona uyğun oynayır.
  • Artıq 27 yaşın var və 3 dəfə də Azərbaycan milli komandasının formasını geyinmisən. Yığmadan səninlə maraqlanan olurmu, yoxsa diqqətdən kənarda qalmısan?
  • Yunanıstan klubuna – “AE Larisa”ya keçəndə millidən maraq var idi, amma niyəsə dəvət almadım. Legioner futbolçular üçün yığmaya çağırılmaq önəmlidir. Hələ heç nə demək olmaz. İndi Azərbaycan yığmasında yeni baş məşqçi var və mən də özümü yaxşı tərəfdən göstərmək istəyirəm.
  • “Milsami” ilə son oyunda oynamadın. Bu, nə ilə bağlı idi?
  • Ondan əvvəlki oyunda ayağımda yüngül zədə oldu və məşqçi də risk etmək istəmədi. Növbəti matçımız da “Şerif”lədir. Çalışırıq ki, o oyunda da meydanda olum.
  • Karyeranda hədəflərin nədir? Yenidən Azərbaycana qayıtmaqla bağlı planın var?
  • Belə deyim də, karyeramın ən yaxşı dönəmlərindəyəm. Hədəfim odur ki, hara qədər gedə bilirəmsə, ən üst mərhələ haradırsa, ora qədər gedim. Azərbaycanı daha çox tanıtmaq istəyirəm. Çalışıram ki, azərbaycanlı futbolçuların da yolunu açım. Bir azərbaycanlı kimi ən üst səviyyə haradırsa, ora qədər getmək istəyirəm. Hər şey qismətdir, yaşayıb görərik.
  • Azərbaycan klublarından təkliflər olurdumu?
  • Təkliflər olurdu, ancaq mən ölkə xaricində qalmaq istədim. Artıq bunlar məni maraqlandırmır. Bütün diqqətim yeni klubumdadır.
  • Son günlər Azərbaycan – Ermənistan sərhədinin Tovuz rayonu hissəsində baş verən hadisələrlə bağlı nə deyə bilərsən?
  • Həddindən artıq narahat idim. Çünki vətənimizi qoruyan bizim qardaşlarımızdır. Hər dəfə xəbərləri oxuyanda özümü çox pis hiss edirdim. Ürəyim partlayırdı ki, insanlar orada vətən üçün döyüşür, mən də burada oturmuşam və əlimdən bir şey gəlmir. Həqiqətən, bu, çox pis hisdir. İstəyirdim ki, mən də nəsə edim, köməyim olsun, sularını daşıyım, lazım olsa, gedib cəbhədə ermənilərə qarşı vuruşum. Özüm də qarabağlıyam, həddindən artıq çox pis təsir edirdi, özümü saxlaya bilmirdim.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button