“Meydanda elə gəzir, elə bil “Bavariya”dan gəlib, yalvara-yalvara oyuna çıxarırlar” – Müsahibə

Azərbaycan millisinin keçmiş futbolçusu, hazırda “Sabah” klubunun 17 yaşadək futbolçulardan ibarət komandasını çalışdıran Saşa Yunisoğlunun Komanda.az saytına müsahibəsi:

– Saşa, işlərin necə gedir?

– Pis getmir, çempionatda ilk 3-lükdəyik. Liderlə aramızda üç xal fərqi var, ancaq hədəfimiz çempionluqdur. Uşaqların potensialı buna imkan verir.

– Heyətdə əsas komandaya cəlb oluna biləcək potensialda oyunçular varmı?

– Əsas komanda üçün futbolçu hazırlayırıq. İnşallah, gələcək mövsüm əsas komandada və əvəzedicilərdə forma geyinə biləcək futbolçular görmək istəyirik. Perspektivli oyunçular çoxdur.

– Aşağı yaş qruplarından ibarət milli komandalara da futbolçu verirsiz.

– Bizim iki futbolçumuz U-17, üçü isə U-16 milli komandaya dəvət alır. Bunlardan əlavə, 5-6 oyunçumuz da namizəddir. Milli komandanın seleksiya ilə məşğul olan məşqçiləri həm məşqlərimizi, həm də oyunlarımızı canlı izləyir.

– “Sabah”ın əsas komandasının məşqçiləri ilə əlaqələriniz necədir?

– Əsas komanda ilə əlaqəmiz var. Çünki akademiyanın koordinatorları Təbriz Həsənov, Elşad Əhmədov və xorvatiyalı mütəxəssislər bu istiqamətdə çalışırlar. İnandırım sizi, “Sabah”ın akademiyası 2-3 ilə Azərbaycanda “nömrə 1” olacaq.

– Əsas komandanın bu mövsümkü çıxışını necə dəyərləndirirsən?

– Hazırda komandanın durumu qənaətbəxş deyil. “Sabah”ın rəhbərləri bu vəziyyəti düzəltmək üçün çox çalışırlar. Ramin Quliyevin də əsas komandanın məşqçilər heyətinə daxil edilməsini uğurlu addım kimi qiymətləndirirəm. Gənc və çox perspektivli, “Pro” lisenziyalı mütəxəssisdir. Onun komandaya xeyir verəcəyinə inanıram.

– Uzun müddət Azərbaycan Premyer Liqasında çıxış etmisən. O dövrlə indiki arasında hansı fərqlər var?

– Fərqlər çoxdur, əsas da komanda sayında. Mən oynayanda 12-18 komandalı çempionat idi, indi isə 8. Əvvəl bölgələrdə komandalar çox idi, hazırda sadəcə “Qəbələ” var. Əvvəl birinci yer uğrunda 5-6 komanda mübarizə aparırdı, indi neçə illərdir ki, “Qarabağ”a rəqib tapılmır. Əvvəl stadionlara azarkeşlər gəlirdi, indi isə yox. Futbol hazırda heç kimə maraqlı deyil.

– Səncə, futbola maraq qatmaq, stadiona azarkeş gətirmək üçün nə lazımdır?

– Azarkeşlər daha çox bölgə klublarının oyunlarına gəlir. Ona görə də, düşünürəm ki, ilk növbədə çempionatdakı komandaların sayı bölgə təmsilçiləri ilə artmalıdır.

– Premyer Liqanı izləyirsənmi? Çempionluq və avrokubok yarışını necə görürsən?

– Dediyim kimi, “Qarabağ”a rəqib görmürəm. Ancaq ikinci yer uğrunda qalan 7 komanda da mübarizə apara bilər. 7 komandanın hamısı hardasa eyni gücdədir. İstəyərdim ki, “Sabah” avrokuboklara düşsün. Onlara uğurlar arzu edirəm.

– Özün də legioner həyatı yaşamısan. Yerli futbolçuların hazırda ölkə xaricinə getməmələrinin səbəbi nələrdir?

– Getmirlər deyəndə, çağıran var ki, getsinlər? Azərbaycan futbolu reytinqdə çox aşağı yerlərdə qərarlaşıb və top çempionatların klubları legioner alanda onun reytinqi ilə maraqlanır. Azərbaycanlı futbolçuların səviyyələri onları qane etmir, ona görə də, çağırmırlar. Amma ortabab çempionatlara da bizimkilər getmək istəmir. Burda məvacibləri ordan 2-3 qat çoxdur. Neynirlər ki, gedib Xorvatiyada, Rumıniyada, Norveçdə, Polşada pulsuz vaxt itirsinlər? Burda evin içində dördqat yüksək məvacib var. Hamı tanıyır, yüz faizlik məşq etməmək də keçərlidir.

– “Qarabağ”ın Avropa Liqasında APOEL-ə məğlubiyyətinin (1:2) səbəbini nədə görürsən? Ağdam təmsilçisinin qrupdan çıxmaq şansları necədir?

– APOEL-ə məğlubiyyətin səbəbi öz səhvləri idi. Hücumçu təkbətək çıxır, vura bilmir. Müdafiədəki kobud səhvlər də məğlubiyyəti gətirdi. “Qarabağ” yaxşı oynayıb uduzursa, deməli, səhv özlərindədir. Çox istəyirəm ki, “Qarabağ” qrupdan çıxsın və onları sona kimi dəstəkləyəcəm. Yaxşı nəticə “Qarabağ”ın öz əlindədir.

– Azərbaycan futbolunun hazırkı durumu haqda…

– Açığı, bu haqda səhərə qədər danışmaq olar. Son illərdə futbol üçün çox işlər görülür, ancaq nədənsə, biz irəli getmirik, yerimizdə sayırıq. Həm müsbət, həm də mənfi tərəflər var. Futbolumuzun inkişafını istəyiriksə, daha istəkli olmalı, işləri məsuliyyətlə görməliyik. Futbolumuzda peşəkar və işini ürəkdən sevən insanlar azdır və buna görə çox təəssüflənirəm.

– Müsbət və mənfi cəhətlər nələrdir?

– Müsbət deyəndə, infrastruktur və uşaq futbolunun inkişafı üçün edilən cəhdləri deyərdim. Artıq demək olar ki, hər klubun öz bazası var və oyunlar 90 faiz ot örtükdə oynanılır. Bu, vacib amildir. Gəncə, Tovuz, eşitdiyimə görə, Qubada da stadionlar düzəltməyə başlayıblar. İnanırıq ki, oralara da böyük futbol qayıdacaq. Və klublar da artıq uşaq futboluna diqqət yetirməyə başlayıb. “Sabah”, “Sumqayıt”, “Səbail”, “Neftçi” xaricdən mütəxəssislər gətiriblər. Ona görə ki, öz akademiyalarını Avropadakına uyğunlaşdırsınlar. Bu, gələcəyə ümidlə baxmağa imkan verir.

– Uzun müddət Azərbaycan milli komandasının formasını geyinmisən. Yığmanın hazırkı vəziyyəti necədir?

– 9 il milli komandanın şərəfini qorumuşam və deyərdim ki, Avropa çempionatının builki qrupu çox güclü komandalardan ibarətdir. Bütün yığmalar Avropanın aparıcı klublarında forma geyinən futbolçulardan ibarətdir. 8 komandalı çempionatdan milliyə oyunçu yığmaq çətindir. Bizim millidə rəqabət yoxdur, futbolçu tapılmır. Yığmaya çağırılanlar da özlərini əvəzolunmaz hesab edir. Legionerlərdən normal olan varsa, o da Ramil Şeydayevdir. Rusiyadadır, ancaq o da oynamır. Eddi İsrafilov heç bilmirəm hansı klubun oyunçusudur. Hər gün bir xəbər çıxır ki, o klubdadır, bu klubdadır. Tutmaq olmur onu. Məsələn, Dmitri Nazarov, meydanda elə gəzir, elə bil “Bavariya”dan gəlib, yalvara-yalvara oyuna çıxarırlar. Dadaşovlar (Rüfət və Renat Dadaşov qardaşları) heç bilmirəm hardadırlar. Bizim millinin bu oyunçularla elə güclü rəqiblərə qarşı oynamağı çətindir. Buna baxmayaraq, milliyə uğurlar arzu edirəm.

– Dadaşovların, Eddinin, Nazarovun milliyə yararsız olduğunu hesab edirsən. Səncə, onları əvəzləyə biləcək yerli futbolçu var?

– Bunlardan təkcə Eddi fərqlənir. Ancaq o da oyun praktikasının azlığından əziyyət çəkir. Milliyə gələndə də lazımi səviyyədə oynaya bilmir. Nazarov isə əvvəlki kimi deyil. Oynamaq istəmirsə, niyə onu yığmaya çağırırlar? Son zamanlarda futbol yox, adamın əsəbləri ilə oynayırdı. Dadaşovlara gəlincə, onların səviyyəsi ümumiyyətlə, milli komandaya uyğun deyil. Ancaq nə edək, 8 komandalı çempionatda oyunçu seçimi minimaldır. Elə milliyə dəvət alanlar da ən yaxşılarıdır. 3-4 nəfər namizədləri var, vəssalam.

– Azərbaycan millisi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Uels və Slovakiya ilə qarşılaşacaq. Gözləntilərin nədir?

– Uelsə qarşı motivasiya və istəkli çıxsalar, yaxşı nəticə qazana bilərlər. Slovakiya ilə matç isə Bakıdakından sonra heç ümid vermir. Buna baxmayaraq, 90 dəqiqə millimizi dəstəkləyəcəm. Çünki bilirəm ki, ən çox qələbə qazanmaq istəyən elə futbolçuların özləridir. Milliyə qarşıdakı oyunlarda uğurlar arzu edirəm.

– 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi də Avropa çempionatının seçmə mərhələsində son 5 oyunda 1 qələbə qazanıb. Yığmanı çalışdıran serbiyalı Milan Obradoviçin işini necə qiymətləndirirsən?

– Açığı, U-21-in oyunlarına baxmağa vaxtım olmur. Amma nəticələrdən xəbərdaram. Bizim U-21 komandamız heç vaxt normal nəticə göstərməyib. Və deyəsən, azərbaycanlı məşqçi qalmayıb ki, bu yığmanı çalışdırsın. Ona görə də, “sükan”ı xarici mütəxəssisə verdilər. Obradoviçin nə qədər lazımlı məşqçi olub-olmadığına başqa insanlar cavab versə, yaxşı olar. Biz isə səbr edək, ümidlə bir az da gözləyək, bəlkə düzəldi.

Şahin Cəfərov