Məmmədyarov Aronyanla heç-heçə etdi

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə “Grand Chess Tour” seriyasının birinci mərhələsi olan “Superbet Chess Classic” turnirində sonuncu görüşünü keçirib.

Komanda.az xəbər verir ki, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın 9-cu turunda ABŞ-ı təmsil edən Levon Aronyanla üz-üzə gəlib.

Qara fiqurlarla oynayan Məmmədyarov 36-cı gedişdə heç-heçəyə razılaşıb və xallarının sayını 3,5-ə çatdırıb. Sonuncu turdakı digər qarşılaşmalar davam edir.

“Şah” 1, 5 və 8-ci turlarda müvafiq olaraq ABŞ təmsilçiləri Uesli So, Fabiano Karuana və Lenyer Domingesə uduzub.

Təcrübəli şahmatçı 2-ci, 3-cü, 4-cü və 6-cı turlarda müvafiq olaraq Rixard Rapport (Macarıstan), Maksim Vaşye-Laqrav (Fransa), Boqdan Danyel-Dayak (Rumıniya) və Alireza Firuzca (Fransa) ilə heç-heçə edib, 7-ci turda isə FİDE bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşiyə qalib gəlib.

Yarışın ümumi mükafat fondu 350 000 dollardır.

Ötən il baş tutmuş “Superbet Chess Classic” turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button