“Məni narahat edən Bakının güclü küləyidir” – Milovan Petrovik

“Səbail”in yeni transferi Milovan Petrovik klubun rəsmi saytına açıqlama verib.

Komanda.az xəbər verir ki, Şimali Makedoniyadan olan yarımmüdafiəçi paytaxt təmsilçisinə keçidi barədə danışarkən bunları qeyd edib:

“Bura gəlməyimə çox şadam. Bu, mənim üçün yeni təcrübədir. Bura gəlməzdən əvvəl “Vardar”da işləyən Toni Boqdanovski ilə məsləhətləşdim. Klub barədə ancaq pozitiv fkirlər bildirdi. Burada məni çox yaxşı qarşıladıqlarına görə hamıya təşəkkürümü bildirirəm. Hər kəs, xüsusilə də futbolçular tez adaptasiya olmağıma kömək etdilər. Komandanın mühiti əladır. Bilirəm ki, nəticələrimiz düzələndə atmosfer daha da yaxşı olacaq”.

31 yaşlı oyunçu Premyer Liqanın Şimali Makedoniya çempionatından güclü olduğunu söyləyib: “Çünki burada futbolun dinamikası və yaradılan şərait olduqca yaxşıdır. Xoşuma gələn amillərdən biri də hər xırda toxunuşa görə hakimlərin cərimə verməməsidir. Məni narahat edən yeganə məqam Bakıda bu fəsildə küləyin güclü olmasıdır. Tezliklə havaların düzəlməyini istəyirəm”. (gülür)

Bakının gözəl şəhər olduğunu deyən Petrovik Azərbaycan mətbəxini tərifləyib: “Yeməklər dadlıdır və bizimkilərə oxşayır”.

“Sabah”la Azərbaycan Premyer Liqasının 16-cı turunun oyununa da toxunan təcrübəli yarımmüdafiəçi matçın çətin keçəcəyini vurğulayıb: “Öz oyunumuza fokuslansaq, əvvəlki səhvlərdən dərs alaraq oynasaq, şansımızın çox olacağını düşünürəm. Çünki komandamız güclüdür və burada peşəkar futbolçular çıxış edir. İnanıram ki, bu oyunda qələbə qazansaq, komandanın əhval-ruhiyyəsinə müsbət təsir edəcək. Məqsədimiz də məhz budur”.

O, azarkeşlərin tezliklə tribunalara qayıtmasını arzuladığını bildirib: “Azarkeşsiz futbol olmaz. Onların tribunalara qayıtmağını çox istəyirəm. Qələbələri onlarla birgə qeyd etmək daha gözəldir. Fanatlara demək istəyirəm ki, özlərini qoruyub, sağlamlıqlarına diqqət etsinlər. Mən inanıram ki, yaxın zamanlarda biz görüşəcəyik”.

Qeyd edək ki, Milovan Petrovik “Səbail”lə cari mövsümün sonunadək müqavilə imzalayıb.