“Liverpul”dan 45 milyon avroluq transfer

İngiltərənin “Liverpul” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa nəhəngi kolumbiyalı yarımmüdafiəçi Luis Diası transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Portu”dan transfer olunan 25 yaşlı vingerlə 5.5 illik müqavilə imzalanıb.

Britaniya mətbuatının yazdığına görə, “qırmızılar” bu transfer üçün 45 milyon avro ödəyəcəklər. Futbolçu yeni komandasında “23” nömrəli formanı geyinəcək.

Luis Dias 2019-cu ildən “Portu”da çıxış edirdi. O, bu mövsüm meydana çıxdığı 18 oyunda 14 qola imza atıb. Portuqaliya təmsilçisində bütövlükdə 125 oyuna çıxan Kolumbiya millisinin üzvü, 41 qol vurub. Yarımmüdafiəçi daha öncə ölkəsində “Barranquilla” və “Atletiko Junior” klublarının da formasını geyinib. Kolumbiya yığmasında 32 oyun keçirmiş oyunçu, 7 qol da vurub.

“Liverpul” Diasın transferi ilə yanaşı, öz oyunçularından Neko Uilyamsı da “Fulhem” klubuna icarəyə verib. London təmsilçisi 20 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb. Uelsdən olan, ölkəsinin milli komandasının da üzvü olan sağ cinah müdafiəçisi, ilk dəfə yetirməsi olduğu klubdan ayrı düşür. O, “Liverpul”un əsas komandasında indiyə qədər 33 rəsmi oyuna çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button