Lionel Messidən yeni rekord

“Barselona”nın hücumçusu Lionel Messi yeni rekorda imza atıb.

Komanda.az xəbər verir ki, argentinalı futbolçu buna İspaniya La Liqasının 24-cü turu çərçivəsində keçirilən “Kadis”lə ev oyununda nail olub.

Belə ki, o, Kataloniya klubunun heyətində La Liqada ən çox matça çıxan futbolçuya çevrilib. 1:1 hesabıyla bitən qarşılaşma Messinin karyerasında 506-cı La Liqa matçı olub.

Messii bu göstərici üzrə Xavinin əvvəlki rekordunu qırıb. İspan futbolçu vaxtilə bu komandanın heyətində 505 çempionat matçında iştirak edib.

Xatırladaq ki, Messi İspaniya çempionatında ilk oyununu 2004-cü ilin oktyabrında “Union Espanyola”ya qarşı keçirib.

Messi “Barselona”dakı ümumi oyunlarının sayına görə isə Xavidən hələ də geri qalır. Xavi bu komandada 767 oyuna çıxıbsa, Messinin hesabında 761 matç var.

Qeyd edək ki, “Barselona”ın əsas komandasında 17-ci mövsümünü keçirən 33 yaşlı futbolçu, bu mövsüm 29 matça çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Messi “Kadis”lə oyunda komandasının yeganə qoluna da imza atıb. Bununla da o, “Barselona”nın heyətində mübarizə apardığı 81-ci komandaya qol vurub. Argentinalı futbolçunun indiyə qədər “Barselona” formasıyla mübarizə aparıb qol vura bilmədiyi cəmi 8 komanda var.