Eyni dairənin içində fırlanan “Kəpəz”

“Kəpəz” növbəti mövsüm üçün baş məşqçi seçimini etdi. Gəncə təmsilçisi komandanın “sükanı”nı yenidən Azər Məmmədova həvalə etdi. Beləliklə, klub son illərdə adət halını almış ssenarini növbəti dəfə təkrarladı: gedən məşqçinin yerinə vaxtilə həmin postda çalışmış başqa bir mütəxəssis gətirildi.

Əslində, problem Azər Məmmədovun təyinatında deyil. Problem ondadır ki, “Kəpəz” illərdir eyni dairənin içində fırlanır. Klubda baş məşqçilər dəyişir, futbolçular dəyişir, heyətlər yenilənir, amma nəticədə dəyişməyən bir şey qalır – sabitliyin olmaması.

Son mövsümlərə nəzər salmaq kifayətdir. 2024/25 mövsümünün sonunda Azər Bağırovla yollar ayrıldı. Daha sonra komandaya “yeni nəfəs” gətirmək cəhdləri edildi. Ancaq 2025/26 mövsümünə Adil Şükürovla başlayan “Kəpəz” ilk altı oyunda xal üzünə həsrət qaldı və durum gərgin həddə çatdı. Məhz həmin vaxt rəhbərlik yenidən Azər Bağırova üz tutdu. Mütəxəssis çətin durumda olan komandaya qayıtdı və böyük əziyyət hesabına onu Premyer Liqada saxlamağı bacardı. Bəli, “Kəpəz” mövsümü turnir cədvəlinin 10-cu pilləsində başa vurdu. Amma ən vacib hədəf yerinə yetirildi: gəncəlilər 12 komandalı çempionatda elitada qalmağı bacardılar. Rəhbərlik belə bir vəziyyətdə uğursuzluqların səbəblərini araşdırmalı, uzunmüddətli strategiya müəyyənləşdirməli və sabit inkişaf planı hazırlamalı idi. Ancaq görünən odur ki, klub rəhbərliyi yenə də ən asan yola üstünlük verdi: baş məşqçini dəyişmək.

Əslində, son illərdə “Kəpəz”də baş məşqçi postu ən riskli və ən qeyri-sabit vəzifələrdən birinə çevrilib. Demək olar ki, hər mövsüm eyni mənzərə yaşanır: rəhbərliklə baş məşqçi arasında fikir ayrılıqları yaranır, danışıqlar nəticəsiz qalır və tərəflər yollarını ayırırlar. Nə hikmətdirsə, bu cür hallar Azərbaycan futbolunda məhz ən çox “Kəpəz”in ətrafında müşahidə olunur. Bu isə istər-istəməz sual yaradır: problem həqiqətən məşqçilərdədir? Hər mövsüm fərqli mütəxəssislərlə işlənilir, amma nəticə dəyişmirsə, o zaman diqqət məşqçi seçimindən daha çox, idarəetmə modelinə yönəlməlidir.

İndi “Kəpəz”də ikinci dönəminə başlayan Azər Məmmədovun qarşısında çətin vəzifə dayanır. O, komandaya “yeni nəfəs” verə, nəticələri bəlkə də, yaxşılaşdıra da bilər. Ancaq son illərin təcrübəsi göstərir ki, Gəncə klubunda əsas problem məşqçi dəyişikliyi ilə həll olunmur. O öz yerində ki, Məmmədov 2023-cü ildə də “sarı-göylər”i çalışdırıb və uğursuz olub. Uğursuz olan bir mütəxəssisə komandanı yenidən niyə həvalə edəsən ki? Deməli, problemin kökündə başqa məsələlər dayanır. Elə olmasaydı, ölkədə kifayət qədər işsiz, daha təcrübəli, sanballı mütəxəssis var və ən azından eyni adlara müraciət etməkdənsə, başqa məşqçilərlə anlaşmaq olardı. Görünən odur ki, rəhbərliyin digər mütəxəssislərlə apardığı danışıqlar nəticəsiz qalır, heç kim komandada məsuliyyəti üzərinə götürmək istəmir və məcburiyyətdən köhnə məşqçilər yenidən iş başına gətirilir.

Qısası, “Kəpəz” yenidən eyni səhvləri təkrarlayacaqsa, bu dəfə də dəyişən yalnız məşqçinin adı olacaq. Nəticələr isə əvvəlki kimi qalacaq.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button