Komanda.az saytının AÇIQLAMASI

Artıq 2020-ci ilin son günlərini yaşayırıq. Komanda.az saytı ənənəvi olaraq, hər ilin sonunda Azərbaycanda ilin ən yaxşı futbol məşqçisinin adına aydınlıq gətirmək üçün media nümayəndələri arasında sorğu keçirirdi. Amma bu ənənə bu il pozulacaq. Səbəb isə bir ildən çoxdur ki, bütün dünyada müxtəlif sahələri iflic vəziyyətinə salan koronavirus pandemiyasıdır.

Koronavirus Azərbaycan futboluna da ciddi şəkildə təsirini göstərir. Son mövsümdə Azərbaycan Premyer Liqası erkən dayandırıldı. Bundan başqa, ölkə kuboku da başa çatdırılmadı və qalib müəyyənləşmədi. Düzdür, Premyer Liqada mövsüm dayandırılana kimi turnir cədvəlindəki yerlərə görə klublarımıza avrokuboklarda iştirak üçün vəsiqə verildi. Lakin bu, mövsümün başa çatdırılması demək deyil.

Daha sonra, bilindiyi kimi, 44 gün davam edən Vətən müharibəsi başladı. Ölkədəki hərbi vəziyyətə görə Azərbaycanın futbol üzrə əsas milli komandası UEFA Millətlər Liqasında bəzi ev oyunlarını Bakıda yox, neytral meydanda – Albaniyada, Xorvatiyada keçirməyə məcbur oldu. Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən “Qarabağ” klubu isə ev oyunlarını keçirmək üçün Türkiyəyə üz tutdu. Bütün bunlar 2020-ci ilin ən yaxşı futbol məşqçisinin seçimini bu il keçirməmək üçün ciddi səbəblərdir. Daha bir səbəb isə ilin məşqçisi seçilsəydi belə, sərt karantin rejiminə görə mükafatlandırma mərasiminin təşkilinin qeyri-mümkün olmasıdır.

Beləliklə, Komanda.az saytının ilin ən yaxşı futbol məşqçisini müəyyənləşdirmək üçün sorğusu bu il keçirilməyəcək. Ümid edək ki, koronavirus bəlası tezliklə yox olacaq və layihələrimizə, planlarımıza davam edəcəyik.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button