“Qarabağ”dan qorxmaq lazım deyil” – AEL-in sabiq futbolçusu

Kipr milli komandasının sabiq futbolçusu Marius Xristodulu Konfrans Liqasının 3-cü mərhələsinin cavab oyunları çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – AEL matçı ilə bağlı fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, yerli mətbuata danışan keçmiş yarımmüdafiəçi, sabiq komandası AEL-ə inandığını deyib:

“Hamımız bilirik ki, Azərbaycan səfəri çətin olur. Baş məşqçi Duşan Kerkes komandasını mərhələ adlamaq üçün hazırlayıb . Oyun çətin olacaq, ancaq AEL hazırdır.

Futbolçular oyuna hazır olmalıdır. Kerkes də oyunçuların psixoloji durumuna diqqət edəcək. Ümid edirəm ki, hər şey məşqçinin tapşırdığı kimi gedər və nəticə bizim üçün yaxşı olar. AEL-ə inanıram, çətin olsa da, mərhələ adlaya bilərlər.

AEL güclü komandaya qarşı oynayacaq. “Qarabağ”dan qorxmaq lazım deyil. Şanslar bərabərdir. Komandaya uğurlar arzu edirəm. Çətindir, lakin hər zaman bir şans olur”.

Bu gün, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – AEL matçı saat 20:00-da başlayacaq.

Komandalar arasında Kiprdə baş tutan matç 1:1 hesablı heç-heçə ilə bitib. Sözügedən oyunda 90+3-cü dəqiqədə Abdullah Zubirin vurduğu bərabərlik qolundan sonra kiprli azarkeşlərlə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov arasında qalmaqal yaşanıb.