“Kayser: Heç futbol oynamamış ən böyük futbolçu” Yazı+Fotolar

Ləqəbi Kayser olan Karlos Henrike Raposo… 20 illik futbolçu karyerası ərzində topa uzağı 10 dəfə düzgün zərbə endirməyi bacaran, amma buna baxmayaraq, bir çox klubda forma geyinən futbolçudur.

Komanda.az sizə Kayserin maraqlı futbol hekayəsini təqdim edir:

Hər braziliyalı futbolçu kimi, Kayser də futbol oynamağı sevən uşaq olub, amma yoxsulluqdan əziyyət çəkən ailəsi onun işini bir az çətinləşdirib. Onun futbol sevgisini yoxsulluqdan çıxış yolu olaraq görür və onu futbolçu olmağa məcbur edirlər. Futbolçuların yaşadığı həyata həsəd aparan Kayser, həmin şəraitə futbol oynamadan nail olmaq istəyib. Belə vəziyyətdə isə o, özünəməxsus “taktikalar” fikirləşir. Məsələn, mövsümöncəsi hazırlıq ərzində məşqlərdə çox yaxşı çalışan və məşqçinin rəğbətini qazanan Kayser, oyunlar başlayan zaman zədələndiyini bildirir. Həmin dövrdə futbolçuların zədəsini doğrulamaq çətin olduğundan, məşqçilər futbolçuların sözlərinə inanmaq məcburiyyətində qalırdılar.

Braziliya, Meksika, Amerika və Fransada bir çox kluba transfer olunan Kayserin zədə yalanı istədiyi nəticəni verirdi. Onun klublara rahatlıqla transfer oluna bilməsinin əsas səbəbi isə özünə sevdirməyi bacarması idi. Braziliyalı futbolçu, rəhbərlikdən azarkeşlərə kimi, hər kəslə münasibəti yaxşı qururdu.

Transfer olunduğu klublardan birinin prezidenti Kayserin bəhanələrindən və zədələrindən bezərək, baş məşqçidən onu oyuna daxil etməsini tələb edir. Oyuna ehtiyatda başlayan Kayser, baş məşqçinin onu yanına çağırdığını görür və meydana çıxmamaq üçün elə bir şey fikirləşir ki… O, tribunadakı azarkeşlərlə dava edir! Beləliklə, oyuna daxil olmadan, qırmızı vərəqə alır. Buna çox hirslənən və oyundan sonra Kayserə sərt şəkildə iradını bildirən prezident, ondan bu cavabı alır: “Səni 13 yaşımda itirdiyim atama çox oxşadıram. Azarkeşlər səni təhqir edəndə, dayana bilmədim”. Bu sözlərdən təsirlənən klub prezidenti Kayseri qucaqlayır və klubla müqavilə müddətini uzadır.

Kayserin fırıldaqlarından biri də oyuncaq telefon olur. Belə ki, həmin dövrdə mobil telefonlar hətta futbolçular üçün də bahalı sayılırdı. Kayser oyuncaq telefon alaraq, hər dəfə guya hansısa klubla transfer danışığı apardığını göstərir. O, bunu məşqlər vaxtı, əlində oyuncaq telefon, guya hansısa klub nümayəndəsi ilə danışırmış kimi edir. Bəli, məhz belə edir. Klubu onu əldən çıxaracağını hesab edib, yeni müqavilə təklif etsin deyə, baş məşqçinin gözü qarşısında, “Mən komandamda xoşbəxtəm, sizin kluba transfer olmaq istəmirəm” kimi sözlər deyir. Kayser bu fırıldağını dəfələrlə, müxtəlif klublarda edib. Hər dəfə də insanları aldada bilib. Hər dəfə müxtəlif bəhanələrlə oyuna çıxmaqdan canını qurtaran bu “moşennik”, həmişə klubları aldada bilib. Baş məşqçiləri həmişə əllərində çox istedadlı futbolçu olduğunu, onun bir gün mütləq özünü göstərəcəyinə, “partlayacağına” inanıblar. Onları buna əla artistlik bacarığı olan Kayser özü inandırıb. Qəribədir, elə deyil?

Kayser Azərbaycan milli komandasının keçmiş baş məşqçisi Karlos Alberto Torreslə birlikdə

Hazırda ölkəsində idman zalı işlədən Kayserin bu hekayəsinə – heç vaxt futbol oynamadan davam edən 20 illik karyerasına həsr olunan film də çəkilib. Filmin adı “Kayser: Heç futbol oynamamış ən böyük futbolçu” adlanır. Filmdə Kayser rolunu kim oynayır, bilirsiz? Əlbəttə, dünya futbol tarixinin ən böyük fırıldaqçılarından biri olan Kayser özü!

Aygül Qarayeva