“Kəpəz”lə “Turan Tovuz”un “şalvar” kampaniyası

Kürşad

Azərbaycan Premyer Liqasının bütün komandaları Türkiyədə – Antalyada təlim-məşq toplanışındadır. Urra! Super!

Varlığa nə darlıq? Pul var ki, mövsümün ikinci yarısına hazırlaşmaq üçün təyyarə biletlərinə, otellərə bir ətək verirlər. Pulu olmayan klubun Antalyada nə işi var?

“Turan Tovuz”la “Kəpəz” də hazırlıq üçün Türkiyəyə üz tutub. Bu həmin “Turan Tovuz”la “Kəpəz”dir ki, mövsümün əvvəlindən ianə kampaniyası başladıblar. Ki, “avtobus almağa pulumuz yoxdur, Allah rizası üçün kimin nəyə imkanı çatırsa, kömək eləsin”. İndi belə çıxır ki, Həsənin, Abdullanın, Əlinin, Vəlinin bu iki klub avtobussuz qalmasın deyə, ianə etdiyi pullar Bakı-Antalya yolunda xərclənir? Ya da, lap olsun, qonşu ölkəyə AFFA-nın ayırdığı pullarla gediblər. Fərqi yoxdur, avtobus almağa pulunun olmadığını deyən hər iki komanda Antalyadadır.

Futbolda hazırlıq çox önəmlidir, təlim-məşq toplanışı istənilən komanda üçün vacibdir. Amma əyninə geyinməyə “şalvar” ala bilmədiyini deyənlərin “kostyum”da Antalyaya getməsi də tragikomikdir.

Nə isə…

“Kəpəz”lə “Turan Tovuz” Azərbaycana qayıdan kimi “şalvar” üçün pul yığmağa davam edəcək. Siz də “Əl tutmaq Əlidən qalıb” deyərək, davam edərsiz – “şalvar” üçün başladılan ianə kampaniyasında səxavətinizi göstərməyə.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button