“Çempionatın startına kimi bunu düzəldəcəm” – “Kəpəz”in futbolçusu
“Kəpəz”in futbolçusu Elcan Rəhimov klubun mətbuat xidmətinə açıqlama verib.
Komanda.az xəbər verir ki, Rəhimov, Gəncə təmsilçisinin Bakı toplanışı haqda danışıb:
“Bakı toplanışı yaxşı keçdi. Əsasən, yoxlama oyunları üçün paytaxta yollanmışdıq. İki görüş keçirdik. Birini udub, digərini uduzduq. Ümumilikdə götürsək, hazırlıq xeyrimizə oldu.
Pis oynamadıq, hətta deyərdim ki, yaxşı mübarizə apardıq. Komandaya yeni futbolçular qoşulub. Onların uyğunlaşması üçün vaxt lazımdır. Birinci matçda bu özünü açıq şəkildə göstərdi və bəlkə də bu səbəbdən uduzduq. Sonuncu görüşdə isə çox yaxşı çıxış etdik. Əvvəlki oyunlara baxanda bir-birimizi daha yaxşı anlayırdıq. Bu da nəticədə özünü göstərdi.”
Gənc yarımmüdafiəçi, “Kəpəz” hələ elitada mübarizə apardığı dövrlərdə aşağı yaş qruplarından əsas komandaya cəlb olunub. Rəhimov indi də baş məşqçi Yaşar Vahabzadənin etimad göstərdiyi oyunçulardan biri olmaqla əsas heyətin üzvüdür:
“Qış fasiləsindən sonra məşqlərə başlayanda xəstələndim. Fiziki hazırlıq üzərində qurulan iki əsas çalışmada iştirak edə bilmədim. Bakıya gedəndə tam sağalmışdım. Fiziki performansıma görə “Səbail-2” ilə görüşdə 25 dəqiqə çıxış etdim. “Keşlə-2”yə qarşı isə bir hissə oynadım. Gücümü göstərməyə çalışdım. Düzdü, komandadan bir az geri qalmışam. Çempionatın startına kimi bunu düzəldəcəm. Məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışıram. Baş məşqçimiz Yaşar Vahabzadənin üzərimizdə əməyi çoxdur. Mənə bəslənən etimadı doğrultmağa çalışacam”.
Bizi Facebook-da izləyin