
DÇ-2026: İran millisinin oyunlarının yerinin dəyişdirilməsi üçün FİFA ilə danışıq aparılır
İran millisi 2026-cı il dünya çempionatındakı oyunlarını ABŞ-dən Meksikaya köçürmək üçün FİFA ilə danışıqlar aparır. Bu qərarın səbəbi Yaxın Şərqdəki münaqişələrdir.
Komanda.az xəbər verir ki, bunu AFP agentliyinə İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac açıqlayıb:
“ABŞ prezidenti Donald Tramp açıq şəkildə İran millisinin təhlükəsizliyini təmin edə bilməyəcəyini söylədiyi üçün biz ora getməyəcəyik. Hazırda milli komandanın oyunlarının Meksikada keçirilməsi üçün FİFA ilə danışıqlar aparırıq”.
Ötən həftə Tramp bildirib ki, İran milli komandası öz həyat və təhlükəsizliyi üçün turnirdə iştirak etməməlidir.
Mundial 2026-cı ilin iyun-iyul aylarında ABŞ-nin 11, Meksikanın 3, Kanadanın isə 2 şəhərində keçiriləcək.
İran millisi Asiya seçmələrini keçərək G qrupuna düşüb. Komanda burada Belçika, Misir və Yeni Zelandiya milliləri ilə birgə iştirak edəcək. Millinin Los-Ancelesdə Yeni Zelandiya və Belçika ilə, sonra isə Sietldə Misirlə qarşılaşması planlaşdırılıb.
İran millisi turnirdə iştirak edə bilməsə, FİFA onların yerinə əvəzedici komanda tapmalı olacaq. Mümkün namizədlər kimi İraq və BƏƏ (Birləşmiş Ərəb Əmirlikləri) milliləri göstərilir.
Bizi Facebook-da izləyin



