“İnsanlar azərbaycanlı olduqları üçün qürur duyurlar” – Xayme Romero

“Qarabağ”ın ispan futbolçusu Xayme Romero ölkəsinin EFE nəşrinə açıqlama verib.

Komanda.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ölkədəki hərbi vəziyyətə baxmayaraq, normal həyat tərzində yaşadıqlarını bildirib:

“Qarabağ” münaqişənin yaşandığı bölgənin adıdır. Baş məşqçi ölkəni və həmin bölgəni təmsil etdiyimizi açıq şəkildə izah edib. Yalnız axşam saat 9-dan sonra küçəyə çıxmaq qadağandır. Arada bir fərq görmürük, təhlükə də yoxdur. Məni burada təsirləndirən vətəndaşların azərbaycanlı olduqları üçün qürur duymalarıdır. Avrokuboklarda oynamaq müharibə vəziyyətindəki ölkə üçün vacibdir”.

Romero Ağdam təmsilçisində xoşbəxt olduğunu söyləyib: “Komandaya tez uyğunlaşdım. “Qarabağ” ardıcıl 8 il avrokubokların qrup mərhələsində oynayır. Bakı möhtəşəm şəhərdir. Koronavirus pandemiyası başlamazdan əvvəl valideynlərim və dostlarım buranı mütəmadi ziyarət edirdi”.

İspan oyunçu Avropa Liqasının qrup mərhələsinin ikinci turunda İspaniya “Vilyarreal”ına qarşı keçirəcəkləri görüş barədə də danışıb: “Düşünürəm ki, matçın neytral meydanda, Türkiyədə keçirilməsi bizə ziyan verdi. Matç heç vaxt olmadığımız stadionda keçiriləcək. “Vilyarreal” qrupun favoritidir. Bizim üçün çətin olacaq. Rəqibin böyük heyəti və yüksək səviyyəli oyunçuları var. Matça qalib gəlmək üçün çıxacağıq. Ancaq məğlub da ola bilərik”.

Qeyd edək ki, “Qarabağ” – “Vilyarreal” matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button