Emeri razıdır

İngiltərə Premyer Liqasının 9-cu turu çərçivəsində “Şeffild Yunayted”lə qarşılaşacaq “Arsenal”ın baş məşqçisi Unay Emeri açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, ispan mütəxəssis, futbolçuların hazırlığından məmnun olduğunu bildirib:

“Hər gün futbolçularla söhbət edirik, amma gördüyümüz işlər sözlərdən daha vacibdir. Hazırda klubda xoşbəxtəm, futbolçuların çalışmaları məni məmnun edir. Məsut Özil də daxil olmaqla, hər bir futbolçu son həftələrdə çox keyfiyyətli çalışır. Buna görə də, hazırkı vəziyyəti çox yüksək qiymətləndiririk və bu mövsüm əhəmiyyətli bir uğur qazanacağımıza inanırıq.

İndi edəcəyimiz yeganə şey hər oyunda daha yaxşı oynamaqdır. Oyunumuzu yaxşılaşdırmaq üçün gənc futbolçulardan da istifadə edəcəyik. Hər oyunda lazımi səviyyədə rəqabət aparmaq bizim üçün vacibdir. Komanda olaraq zehni cəhətdən güclü olsaq, rəqabət apara və sabit çıxış edə bilsək, uğur qazanacağıq”.

“Şeffild Yunayted” – “Arsenal” oyunu bu gün, saat 23:00-da start götürəcək.