“İndi əsas məqsədimiz Premyer Liqada yaxşı çıxış etməkdir”

Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində öz meydanında “Partizan”a 3:0 hesabıyla qalib gələn “Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata oyundan sonra açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın bu qələbə sayəsində qrupdan çıxmasını dəyərləndirən ispan futbolçu, bunları deyib:

“Yaxşı futbol göstərə biləcəyimiz, ilk hissədə qol vurub, sevinə biləcəyimiz bir oyuna ehtiyacımız vardı. Bu nəticəylə qrup mərhələsindən çıxdıq, azarkeşlərimiz xoşbəxtdir. “Mançester Yunayted” bu turnirdə yaxşı çıxış edir. İlk hədəfimizə nail olduq, amma hər zaman ilk pillələrdə qərarlaşmaq istəmişik. İki fərqli turnirdə mübarizə aparırıq, Premyer Liqadakı mövqeyimizi yaxşılaşdırmaq istəyirik.

İnamlı qələbə qazandıqdan sonra digər oyunlara hazırlaşmaq daha asan, xoş olur. Özümüzə güvənimiz lazımi səviyyədədir. İndi əsas məqsədimiz Premyer Liqada yaxşı çıxış etməkdir.

Komandamızın heyətində fərqli səviyyələrdə olan, eyni zamanda, akademiyadan qoşulan futbolçular var. Bəziləri kifayət qədər oynamaq şansı qazanır, futbolçu kimi inkişaf edirlər. Onlardan məmnunuq”.