İmişlinin futbol komandası üçün ayrılan 150 min manatı kim “yeyib”?

İmişli rayonunun keçmiş icra başçısı Vilyam Hacıyevin həbs olunduğunu, hazırda məhkəmə prosesinin davam etdiyini əksəriyyət bilməmiş olmaz.

Komanda.az xəbər verir ki, Hacıyevin məhkəməsində vaxtı ilə İmişlidə yaradılan “Mil-Muğan” futbol komandası ilə bağlı da ittihamlar səsləndirilib.

Məhkəmədə İmişli Rayon İcra Hakimiyyətinin Ərazi-İdarəetmə şöbəsinin müdiri Mirzə Quliyev də dindirilib.

O iddia edib ki, sabiq icra başçısı icra ümayəndələri və müavinlərinin təyinatı üçün rüşvət alırdı.

Mirzə Quliyevin sözlərinə görə, rayondakı futbol klubu – “Mil-Muğan” üçün Dövlət Neft Şirkətinin ayırdığı 150 min manat vəsait onun bank hesabına köçürülmüşdü. Həmin pulu hesabdan çıxarıb Vilyam Hacıyevə verib:

“İcra başçısının o pulu hara xərcləndiyindən xəbərim olmadı”.

Vilyam Hacıyev onu yalan danışmaqda ittiham edib:

“Gözünün içinə qədər yalan deyirsən. Özün üçün şəhərin mərkəzində imarət tikdirmisən, burnundan gəlsin…”

Vilyam Hacıyevin vəkili şahiddən soruşub ki, icra başçısının qanunsuz əməlləriylə bağlı niyə şikayət etmirdi?

“Nə deyə bilərdim ki?!”, – şahid belə cavab verib.

Vəkil vurğulayıb ki, qanunsuz əməllərdə iştirakçı olduqlarını özləri etiraf etdikləri halda, bu şəxslər hələ də vəzifədədilər:

“Bu necə ola bilər? Xahiş edirəm, bununla bağlı cinayət işi başlansın, araşdırma aparılsın”.

Vilyam Hacıyev

Məhkəmə prosesi fevralın 21-də davam edib.

Vilyam Hacıyev Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 311 (rüşvət alma) və başqa maddələrilə ittiham olunur.

O, 2004-2006-cı illərdə Göygöl rayonunun, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb.

“Mil-Muğan” futbol klubu İmişlidə “MKT-Araz” adı ilə yaradılıb. Müxtəlif vaxtlarda üç dəfə Azərbaycan çempionatının elitasında iştirak edib. Bir dəfə Azərbaycan kubokunun finalında oynayıb.