“Hayduk”a qarşı “Neftçi” ilə oyundakı heyət oynamayacaq” – Terim

“Qalatasaray”ın baş məşqçisi Fatih Terim Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində sabah qarşılaşacaqları Xorvatiyanın “Hayduk” (Split) klubu ilə oyundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, 67 yaşlı mütəxəssis xorvatlarla matçda meydana fərqli heyət buraxacağını bəyan edib:

“Avrokuboklarda oynadığımız bütün matçlara önəm veririk. Bu qarşılaşma da bizim üçün çox vacibdir. Ardıcıl səfərlər yorğunluğa səbəb olur. Futbolçular yaxşı istirahət etməlidirlər. Həftədə iki oyun keçirdiyimiz üçün bunun hesabını aparmaq məcburiyyətindəyik. Sabah meydana çıxaracağım komanda “Başakşəhər”, “Neftçi” və ya “Qaziantep”lə qarşılaşmalardakı heyət olmayacaq. “Hayduk”u məğlub edib pley-offa adlayacaq, oradan isə qrup mərhələsinə vəsiqə qazanacağıq. Buna əmin ola bilərsiniz. Rəqibi ciddiyə almamaq kimi anlaşılmasın, əksinə çox önəm veririk. Bunun üçün də doğru hazırlanmağımız lazımdır”.

Qeyd edək ki, “Qalatasaray” Avroliqanın 2-ci təsnifat mərhələsində Bakıda “Neftçi” üzərində 3:1 hesablı qələbə qazanmaqla mərhələ adlayıb.