“Hamı bilsin ki, mənim yalvarıb, burda qalmaq fikrim yoxdur”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turunda “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:3 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

  • Hər dəfə məğlub olandan sonra gəlib danışmaq çətindir. Belə gözləmirdik. Ardıcıl 4 oyunda məğlub olacağımızı düşünmürdük. Məşqlərə aldandıq, transferlərdə tələsdik. Verilən pullara daha yaxşı transferlər edə bilərdik. Öz qapımıza qol vururuq. Çalışmalıyıq. Getmək asandır. İstənilən halda, uduzmaq təsir edir. Əlimizə düşən epizodlardan istifadə edə bilmirik. Qol vurmalıyıq ki, psixoloji təzyiqdən çıxaq. Qarşıdakı günlərdə necə olacağını görəcəyik.
  • İstefa məsələsi gündəmdədir?
  • Daha çox təzyiq var. Kuboku qazananda heç nə yazmırdılar. Təsadüf deyirdilər. Özüm başa düşürəm, hər məğlubiyyətdən sonra çamadan dolur, getməyə hazırlaşırlar. Elə jurnalistlər var, bəzən düz yazır, haqqına yazır. Bəzən də yazırlar, kuboku təsadüfən qazandığımızı qeyd edirlər. Rəhbərlik “get” desə, getməyə hazıram. Qol vursaydıq, fərqli olardı. Fərdi səhvlərə görə qol buraxdıq. Düzdür, istefa gündəmdədir. Mən durub burada təzminat məsələsi də qaldırmayacam. Bəzi jurnalistlər elə bilir ki, özüm zorla oturub qalmışam. Vallah, yox. İstefa olacaqsa, olacaq. Futbolun qanunu var, gedən də olur, gələndə.
  • İndiki vəziyyətdən çıxış yolunu nədə görürsüz?
  • Məsələ psixolojidir. Çox gərginik. Məşqlərdə hər şey qaydasındadır, artım var. Ancaq üzərimizdə təzyiq var. Həm müdafiədə, həm hücumda rahat oynamalıyıq. Uduzmaq istəmirik. 11 futbolçunun 4-ü axsayırsa, artıq alınmır. Mən özümü günahlandırıram. Transferlərdə tələsdik, avrokuboklara görə oldu. Amma başqa futbolçuların üstündə dayanmalıydıq. Getməyim lazımdırsa, gedərəm. Bəlkə də, çıxış yolu mənim getməyimdir. Hamı bilsin ki, mənim yalvarıb, burda qalmaq fikrim yoxdur. Rəhbərlik sağ olsun, dəstək verir. Çalışıram ki, nəsə ortalığa çıxarım. Səhərdən axşama qədər çalışıram. Sona qədər mübarizə aparıram. Bəzi yazılar məni qıcıqlandırır. Deyirlər ki, iki kubok da təsadüfdür. Mən hamıya aid etmirəm. Məşqçi taktikanı da qurur, oyunçunu da. Bəzən yazanda daha peşəkar olmaq lazımdır. Məndən başqa uduzanlar da var, amma mənim üzərimdə təzyiq daha çoxdur. Biz legioner məşqçi deyilik ki, təzminat tələb edək. Çıxış yolu axtarırıq. Hazırda gözləmədəyik və çalışırıq. Sabah belə, işə çıxsam, istəyirəm ki, yeni günə uğurlu başlayım. Bu gün çalışıram ki, əlimdə olanı daha yaxşı edim. Mən mübarizə aparıram.
  • Şimali Makedoniya çempionatından gələn futbolçudan nə gözləyirdiz?
  • Özümü bunda günahlandırıram. Bir az tələskənlik oldu. Bəzi futbolçular 2-3 minin söhbətini edir. Belə götürəndə, bunlara verdiyimiz 5 min də çoxdur. Elementar şeyləri edə bilmirlər. Məşqlərdə fərqli olur. Məşq zamanı irəli sürətli qaçırıq. Amma oyunda irəli getməkdənsə, topu götürüb arxaya, rəqibə ötürmə edirik.
  • Mövsümün əvvəlində gərginlik nə üçün yaranır, psixologi gərginliyin səbəbi nədir?
  • “Sumqayıt”la oyunda qapıya 28 zərbə vurmuşuq, amma 0:2 hesabıyla uduzduq. Təhlil edirik, baxırıq. Bu qədər zərbəyə qol vura bilmirik və üzərimizdə gərginlik yaranır. Səhvlər ortadadır, bunu təhlil etməliyik. Məğlub oluruq və gərginlik daha da artır. Mənim öz baxış bucağım var. Hər məğlubiyyət psixoloji gərginlikdir. Çalışırıq ki, bunu aradan qaldıraq. Bəzən cəzalarla, bəzən də müsbət şeylərlə. Səbr edib, gözləməliyik. Psixoloji gərginliyi işləməklə aradan qaldırmalıyıq. Bütün komandalarda psixoloji problemlər var. İngiltərədə “Arsenal”da, ötən il “Liverpul”da, Türkiyədə “Başakşəhər”də də eyni vəziyyət olur. Və baş məşqçiləri bunun işləməklə aradan qaldırılmalı olduğunu deyir. Bizdə də vəziyyət belədir. Məşqə məndən tez gələn yoxdur. Oxuyuram, baxıram, araşdırıram, yol axtarıram. Daha intensiv işləməliyik.
  • Müdafiədə problemlər var idi…
  • Bir oyun üslubumuz var. Mən də artıq əks-hücumlardan bezmişəm. Top itkisi olur, normaldır. Məşqlərdə baxırıq, oyunu qururuq. Amma matçlarda fərqli olur. Müdafiəçilər öz işlərini düzgün yerinə yetirə bilmir. Sən müdafiəçisən, şahmatçı deyilsən. Meydanda futbol oynamaq lazımdır, canımızı qoymalıyıq. Bazaya gedəndə utanıram. İşimiz həyatımıza da təsir edir.
  • Düzəlmək üçün nə qədər vaxt lazımdır?
  • İlk hissədə yaxşı oynadıq. İkinci hissə fərqli oldu. Netonun qol epizodu oldu, onun yerində mən olsaydım, qolu vurardım. Məşqlərdə danışırıq ki, ikinci zonada qalaq. Oyunda bunu unuduruq və üçüncü zonada qalırıq. Taktiki düz oynamalıyıq. Top bizdən daha sürətlidir.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button