Hər kəs Zirəyə? Yoxsa, kimə lazımdır Essyen?

Azərbaycan Premyer Liqasında 22-ci tura martın 30-da start veriləcək. Turun oyunları iki gün ərzində, bir günlük fasilə ilə keçiriləcək.

“Zirə” – “Səbail” matçında tribunalar dolacaq?

Turun ilk oyununda qış fasiləsindən sonra özünə gəlməyə başlayan “Zirə” “Səbail”i qəbul edəcək. Bu oyunun nəticəsi turnir cədvəlində dəyişikliyə səbəb ola bilər. “Qartallar” qələbə qazanacaqları halda, “Sabah”ı geridə qoyaraq, 5-ci pilləyə yüksələ bilərlər. “Səbail”in məğlubiyyəti isə 3-cü pilləni “Qəbələ”yə təhvil verməsinə səbəb ola bilər. Son üç turda qələbəyə həsrət qalan “Səbail”in “Zirə”yə qalib gələcəyi inandırıcı görünməyə bilərdi, amma… “Amma”sı odur ki, milli komandaların oyunlarına görə yaranmış fasilə bəlkə də, “Səbail”in özünə gəlməsi üçün yaxşı fürsət olub. Üstəlik, paytaxt komandası bu müddətdə yeni transferlə də güclənib. Özü də “Real”, “Çelsi”, “Milan” kimi klublarda forma geyinmiş Maykl Essyenlə. Yeri gəlmişkən, “Zirə”ylə görüş Essyenin Azərbaycan Premyer Liqasında debüt matçı ola bilər. Azərbaycanlı futbolsevərlərin dünya şöhrətli Essyeni izləmək üçün “Zirə” – “Səbail” qarşılaşmasında tribunaları dolduracağını da ehtimal etmək olar. Amma sadəcə, ehtimal…

Statistika nə deyir?
“Zirə” son 2 oyunda qol buraxmayıb. Texniki nəticə nəzərə alınmasa, “Səbail” qələbə qazanmayıb.
Zirə – Səbail: 7 oyun, 4 qələbə, 2 heç-heçə, 1 məğlubiyyət, top fərqi 7-2

“Keşlə”dən “qəhrəmanlıq” gözləməyin

“Qarabağ”la liderliyi bölüşən “Neftçi”ni bu tur “qardaş”ı – özü kimi AFFA-nın “cib klubu” olan “Keşlə” ilə görüş gözləyir. Həmin “Keşlə” ki, mövsümün ən uğursuzlarındandır və turnir cədvəlinin “zirzəmi”sində digər “qardaş”ı “Sumqayıt”la birgə qərarlaşıb. “Neftçilər”in Tərlan Əhmədovun baş məşqçisi olduğu komanda ilə qarşılaşmadan qələbə ilə ayrılacağını proqnozlaşdırmaq olar. Düzdür, bir neçə tur əvvəl, konkret, 18-ci turda “Neftçi” gözlənilmədən öz meydanında başqa bir “qardaş”ı “Səbail”ə uduzmuşdu. Amma “Keşlə”nin də eyni “qəhrəmanlığ”ı edəcəyinə inanmayın.

Statistika nə deyir?
“Neftçi” son üç qarşılaşmada “quru hesab”la qalib gəlib. “Keşlə” 14 matçdır qol buraxır.
Keşlə – Neftçi: 58 oyun, 14 qələbə, 14 heç-heçə, 30 məğlubiyyət, top fərqi 58-89

Bunu “Qəbələ”də hər kəs başa düşür

Turun qalan iki oyunu aprelin 1-də keçiriləcək. “Aldatdı günü” dediyimiz gündə ilk olaraq meydana “Qəbələ” ilə “Sabah” çıxacaq. Bu oyunda qələbə Qəbələ təmsilçisinə hava-su kimi lazımdır. “Qırmızı-qaralar” avrokuboklara vəsiqə verən 3-cü yer uğrunda mübarizədə “Səbail”i keçmək üçün mütləq qələbə qazanmalıdırlar. Sənan Qurbanovun komandası 3-cü yerdə qərarlaşan “Səbail”i iki tur əvvəl öz meydanında məğlub etməklə, aradakı xal fərqinin azalmasına nail olmuşdu. İndi isə bu iki komandanı bir-birindən 2 xal ayırır. Bu fərqin böyüməməli olduğunu “Qəbələ”də hər kəs yaxşı başa düşür. Ancaq “Sabah” da asan rəqib deyil. Premyer Liqanın debütantı hazırda qərarlaşdığı 5-ci pilləni “Zirə”yə təhvil verməmək üçün mübarizə aparır. Bir sözlə, turun ən maraqlı oyunlarından birinin Qəbələdə keçiriləcəyini deyə bilərik.

Statistika nə deyir?
“Qəbələ” son iki oyunda qələbə qazanıb. Əyalət təmsilçisinin meydanındakı yeganə matçda hər iki komanda qol vurub.
Qəbələ – Sabah: 3 oyun, 2 qələbə, 0 heç-heçə, 1 məğlubiyyət, top fərqi 3-2

Yeri 1-ci divizion olan “Sumqayıt”

Turun son oyunu “Neftçi”ylə liderliyi bölüşən “Qarabağ”la autsayder “Sumqayıt” arasında olacaq. “Köhlən atlar” çempionluq mübarizəsində büdrəməmək üçün bu görüşdən qələbə ilə ayrılmağa çalışacaq, bu, dəqiqdir. Dəqiq olmayan “Sumqayıt”ın vəziyyətidir. Klub prezidenti Riad Rəfiyev AFFA-nın baş katibi Elxan Məmmədovla əlbir olub, “Sumqayıt”ın legionerlərini milliləşdirərək Azərbaycan millisinə ötürür, amma komanda özü 5 qəpiklik oyun göstərmir. Bəli, “kimyaçılar” nə oyun göstərir, nə də nəticə qazana bilir. Bu komanda mövsümün sonunda Premyer Liqanı tərk edib, 1-ci diviziona yola düşməlidir. Ancaq AFFA yəqin ki, reqlamenti növbəti dəfə pozub, “Sumqayıt”ın aşağı diviziona düşməsinə əngəl olacaq.

Statistika nə deyir?
“Qarabağ” ardıcıl 4 “quru hesablı” qələbə qazanıb. “Sumqayıt” 14 oyundur qələbə qazana bilmir.
Sumqayıt – Qarabağ: 27 oyun, 4 qələbə, 3 heç-heçə, 20 məğlubiyyət, top fərqi 12-56

Komanda.az

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button