
“Bizi Premyer Liqadan göndərməyə hələ tələsməsinlər” – MÜSAHİBƏ
“Karvan-Yevlax” Azərbaycan Premyer Liqasının 22-ci turunda “Qəbələ”nin qonağı oldu. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və Premyer Liqanı tərk etməyə ən real namizəd olan yevlaxlılar çətinliklə də olsa, Qəbələ səfərindən bir xalla dönməyi bacardılar. Qarşılaşma 1:1 hesabı ilə başa çatdı.
Oyundan sonra “Karvan-Yevlax”ın kapitanı Elvin Yunuszadə Komanda.az saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
– Nəticə yəqin ki, sizi qane etdi. Pis deyil, amma 9 xallıq fərq yenə də qalır…
– Belə deyim, “Qəbələ” kimi komandaya qarşı səfərdə oynayırdıq. Burada oynamaq hər bir komanda üçün çətindir. Düşünürəm ki, bugünki gündə bir xal da yaxşı nəticədir. “Qara zolaq”dan çıxmağımız üçün bizə təkan ola bilər. Növbəti oyunda evdə oynayırıq. O oyuna üç xal üçün hazırlaşacağıq. Düşünürəm ki, bu bir xal toparlanmağımız üçün təkan ola bilər.
– Necə düşünürsən, bir xal qazandız, yoxsa, iki xal itirdiz?
– Yox, əlbəttə ki, bir xal qazandıq. Qalib də gələ bilərdik, amma “Qəbələ” də çox yaxşı komandadır. İstənilən nəticə ola bilərdi. Elə bir oyun idi ki, deyə bilməzdik hansısa komanda aşkar favoritdir. Oyunun qırılma anları oldu. Biri penalti, biri də verilməyən penalti epizodu oldu. Yəni, belə şeylər sonda gətirib heç-heçəyə çıxardı.
– Verilməyən penaltidən narazısız?
– Bu barədə nəsə demək çətindir. Çünki ondan qabaq Səlahətdən (“Qəbələ”nin qapıçısı Səlahət Ağayev) də soruşmuşdum. Dedi ki, top həqiqətən çıxmışdı.
– Top həqiqətən çıxmışdı…
– Hə, ona görə, nəsə deməyimiz düzgün deyil. Kamal Umudlu doğrudan da, oyunu çox gözəl idarə etdi. Həm insan kimi, həm də hakim kimi çox hörmət etdiyimiz biridir.
– Buraxdığınız qolu belə desək, hədiyyə etdiz. O səhv nə ilə bağlı idi?
– Belə deyim, bu, oyundur, belə şeylər var. Futbolda səhv var deyə, qollar olur. Yəni, bu, texniki bir şeydir. Düşünürəm ki, bunun üzərinə çox düşməyə dəyməz. Əlbəttə, üç xalı bəlkə, qazana bilərdik. Amma heç kim istəməz ki, səhv etsin, indi texniki bir səhv idi, ona görə, bunun üstündə çox dayanmağa dəyməz, irəli baxmaq lazımdır.
– Qapıçınız “Qəbələ” ilə oynadığınız hər iki matçda belə desək, “şir”ə dönmüşdü. Sanki “Qəbələ”nin qalib gələ bilməməsində onun daha çox rolu var.
– Qapıçının çıxışını vurğulamağa dəyər, amma bundan başqa, hamı vuruşdu. Bütün oyunçular hər mövqe uğrunda döyüşürdü. Amma yenə də, qapıçımız sağ olsun. İşi odur da (gülür).
– Qüvvələr nisbəti təxminən bərabərdir. Amma “Qəbələ” ilə aranızda 9 xal fərq var. Və yeni baş məşqçi (Füzuli Məmmədov) gələndən hələ qələbə qazana bilməmisiz. Uyğunsuzluq nə ilə bağlıdır?
– Bəzən enişlər olur. Hansı ki, düşürsən “qara zolağ”a və sənə bir qələbə lazımdır ki, çıxasan o zolaqdan. Bizə də o qələbə lazımdır ki, bu “qara zolaq”dan çıxaq. Turnir cədvəlində rəqiblərimizə ən azından bir az yaxınlaşaq. Düşünürəm ki, bizə bir qələbə lazımdır, həm motivasiya baxımından, həm də futbolçuların ruh düşkünlüyü olmasın… İstər-istəməz, qalib gələ bilməyəndə futbolçular da ruhdan düşür. Düşünürəm ki, bir qələbə çox şeyi dəyişə bilər.
– Futbol ictimaiyyətində belə bir fikir formalaşıb ki, Premyer Liqanı 99 faiz “Karvan-Yevlax” tərk edəcək.
– O qədər olub ki, 99 faiz düşünülən şeylərin əksi baş verib. Bizi Premyer Liqadan göndərməyə hələ tələsməsinlər. Hələ tam dəqiqləşməmiş bu barədə düşünmək bizə haqsızlıq olar. Biz də çalışırıq, istəyirik. Hə, bəlkə, qıraqdan belə görünə bilər. Amma futbol elə bir oyundur ki, hər gün, hər dəqiqə, hər saat bir şey dəyişir. Zaman göstərəcək.
– Psixoloji gərginlikdə deyilsiz? Necə motivasiya alırsız?
– Futbolçu üçün ən böyük motivasiya xal qazanmaqdır. Bir xal da bizim üçün yaxşıdır. Ən azı ona görə yaxşıdır ki, “Sumqayıt”la oyuna daha yaxşı motivasiya ilə çıxacağıq.
– Oyundan əvvəl “Qəbələ”nin məşqçilər heyəti ilə çox “isti” görüşdün. Səni komandada saxlamadılar. Buna görə incikliyin yoxdur ki?
– Elə deməzdim, futbol elə bir şeydir ki, bu gün burda ola bilərsən, sabah başqa bir yerdə. Orada çox nüanslar var ki, bəzi məsələlərdə razılaşa bilməzsiz. Amma belə baxanda, münasibətlərimiz də yaxşıdır. Heç bir incikliyim yoxdur. Göndərilmək məsələsindən başqa, bəzi şeylərdə ortaq məxrəcə gələ bilmədik.
Fəxri Rüstəmli
Bizi Facebook-da izləyin



