“Hər qarşılaşmaya ciddi yanaşırıq” – İsmayıl İbrahimli

“Qarabağ”ın yarımmüdafiəçisi İsmayıl İbrahimli Azərbaycan Premyer Liqasının 22-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri oyunla bağlı klubun rəsmi saytına açıqlamasında növbəti turda “Səbail”ə qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb:

“Matça çox ciddi hazırlaşmışdıq. “Sumqayıt”la oyunlarımız həmişə maraqlı və gərgin keçir. Vacib qələbə qazandıq və aktivimizə mühüm 3 xal yazdırdıq. İndi “Səbail”lə qarşılaşmaya köklənməliyik. Bizi səfərdə çətin görüş gözləyir. Ümid edirəm ki, bu oyun da komandamız üçün yaxşı alınacaq. Marafonun son dövrəsindəyik və çox yaxşı anlayırıq ki, səhv etmək olmaz. Hər qarşılaşmaya ciddi yanaşırıq”.

“Qarabağ” Premyer Liqanın 22-ci turunda “Səbail”in qonağı olacaq. Aprelin 16-da “ASCO Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 18:00-da səslənəcək.