“Futbolçuların qaçmaması bizə problem yaratdı”

“Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 1:2 hesabı ilə uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Oyuna yaxşı hazırlaşmışdıq. Lakin ilk 45 dəqiqədə təəccübləndim, futbolçulara yaraşmayan senari var idi. Rəqibin qol epizodları var idi. İkinci hissədə isə ciddi tapşırıq verdik ki, sadəcə, qaçsınlar. Bir qol vursaq da, məğlubiyyətdən xilas ola bilmədik. Qaçmamaq bizə problem yaratdı. Çalışacağıq ki, səbəbini tapaq.

Futbolçular pressinq edə, güclərini meydanda qoya bilmədilər. Deməzdim ki, qəsdən belə etdilər. Səbəbi mənə də müəmmalıdır. Buna video-analizlərdən sonra qərar verəcəyik.

“Keşlə”nin hazırkı durumu yalnız döyüşkənlik tələb edir. Meydanda can qoymaq lazımdır. Bu vəziyyətdən çıxmaq üçün yalnız palçıq qarışdırmalıyıq. Çünki son pillələrdə gedirik. Sonradan futbol oynamağa başladıq. Bəlkə də komandada lider yoxdur. Sadəcə, ilk 45 dəqiqədə futbolçularımızın qaçmamaqlarına təəccübləndik. Bununla özümü kənara çəkib bütün məsuliyyəti futbolçuların üzərinə yıxmaq fikrində deyiləm.

Belə açıqlamalarla futbolçuları öz əleyhimə qaldıracağımı düşünmürəm. Bundan pis nə ola bilər ki? Günah varsa, hamınındır. Hazırda uduzan tərəf mənəm və bütün məsuliyyət də bizim üzərimizə düşür. Axırıncı yerdə gedən futbolçuya haradan təklif gələ bilər? Hələ bilmirik ki, çempionatda komanda artacaq, ya yox. Sonda gedən komandanın futbolçusu öz karyerasına zərbə vurur.

Hazırda komandada hər şey qaydasındadır. Klubun adının “Şamaxı”ya çevrilməsinin futbolçulara təsir göstərməyəcəyini düşünürəm”.