“Futbolçuların matça arxayın çıxmaları xoşuma gəlmədi” – Samir Abasov

“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində “Səbail”ə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 43 yaşlı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Qışdan sonra oyunlarımız çətin keçəcək. Premyer Liqa səviyyəsində bir yoldaşlıq oyunu keçirdik. Yaxşı tərəfi odur ki, qələbə qazandıq. Sadəcə, 3 xala sevinirik. Üzülməmişik, amma tam istədiyimiz oyun da deyil. Birinci hissədəki oyunumuzu bəyənmədim. Futbolçuların matça arxayın çıxmaları xoşuma gəlmədi. İlk yarıda rəqib daha yaxşı idi. Bəlkə də çempionatda oyunçularımız özlərini çempionluğa görə stressə salıblar. İkinci hissədə yaxşı çıxış etdik”.

Abasovun sözlərinə görə, bu gün şəxsi keyfiyyətlər önə çıxıb: “Digər oyunçular da əziyyət çəkdi. Namiq Ələsgərov və Yusuf Lavalın yeri göründü. Bütün məşqlərdə Ələsgərov iştirak edirdi. Bəlkə də onun yoxluğu səbəbindən axsadıq”.

Abasov Vətən müharibəsindən qayıdan baş hakim Kamal Umudlu haqqında danışmaq istəmədiyini söyləyib: “Referiyə bu gün hər şey keçərli idi. O cür insanlara görə indi burada rahat danışa bilirik. Futbolçulara dedim ki, özünüz oyununuza baxın və analiz edin. Stiven Monroz motivasiya baxımından ehtiyata salındı, onun problemi tam aradan qalxmayıb. Ömər Buludovu ona görə oyuna saldıq ki, sağ cinahda boşluqlar gördük”.

Baş məşqçi deyib ki, istənilən taktikada qollar vuracaqlar: “Hücumçu axtarışındayıq, o da alınsa, rotasiya etmək üçün bizə xoş olacaq”.