
Flik: “İspaniyada hakimlik biabırçı vəziyyətdədir”
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya kubokunun yarımfinalında “Atletiko”ya qarşı keçirilən və 0:4 hesabı ilə məğllub olduqları oyundan sonra hakimliklə bağlı sərt açıqlamalar verib.
Qarşılaşmanın ən çox müzakirə olunan epizodlarından biri ikinci hissənin əvvəlində Pau Kubarsinin vurduğu, ancaq qeydə alınmayan qol olub. Baş hakim oyundankənar vəziyyət qərarı versə də, epizodun yoxlanılması xeyli vaxt aparıb və ofsayd xətti əl ilə çəkilib.
Komanda.az xəbər verir ki, mətbuat konfransında emosiyalarını gizlətməyən almaniyalı mütəxəssis qərara kəskin reaksiya göstərib:
“Bu, tam bir özbaşınalıqdır. İspaniyada hakimlik biabırçı vəziyyətdədir. Oyundankənar vəziyyət yox idi. Yoxlama nə qədər çəkdi? Yeddi dəqiqə? Onlar qolu ləğv etmək üçün bəhanə axtarırdılar. Hakimlərlə normal əlaqə də yoxdur – bizə demək olar ki, heç nə izah edilmədi. Referi açıq şəkildə “Atletiko”nun kobud oyununu təşviq edirdi, sarı vərəqələr göstərilmirdi. Futbolçularımız davamlı zərbələrə məruz qalırdı, amma nəticə yox idi. Dəhşətli hakimlik idi”.
Komandalar arasında cavab qarşılaşması martın 3-də Barselonada olacaq.
Bizi Facebook-da izləyin



