“Fiorentina”dan bir gündə beş transfer

İtaliyanın “Fiorentina” klubu transfer pəncərəsinin sonuncu günündə heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, Florensiya təmsilçisi “Verona”dan Sofyan Amrabatı, SPAL-dan İqor Xulionu, “Sassuolo”dan Alfred Dunkanı, “Cenoa”dan Kristian Kuame və Kevin Aqudelonu transfer edib.

Amrabatın transferi “Fiorentina”ya 20 milyon avroya başa gəlib. Amma 23 yaşlı futbolçu mövsümün qalan hissəsini də “Verona”da keçirəcək. Hollandiyada anadan olan, lakin Mərakeş yığmasının formasını geyinən yarımmüdafiəçi yeni komandasına yayda qoşulacaq. “Utrext”in yetirməsi olan futbolçu “Feyenoord” və “Brügge”də də oynayıb.

Braziliyalı İqor Xulio isə mərkəz müdafiəçisidi. O, mövsümün sonuna kimi icarəyə götürülüb. SPAL-a 2019-cu ildə “Zalsburq”dan transfer olunan 21 yaşlı futbolçu daha öncə “Volfsberger” və Vyana “Austriya”sında da oynayıb.

“Sassuolo”dan gələn Alfred Dunkan isə satınalma şərti ilə icarəyə götürülüb. Qana yığmasında da oynayan 26 yaşlı futbolçu, yetirməsi olduğu “İnter”dən əlavə, “Livorno” və “Sampdoriya”da da oynayıb. O, 2015-ci ildən “Sassuolo”da çıxış edir.

“Cenoa”dan icarəyə götürülən Kristian Kuame də oxşar şərtlərlə “Fiorentina”ya üz tutub. Belə ki, Florensiya təmsilçisi onu da mövsümün sonunda birdəfəlik transfer etmək şərti ilə icarəyə götürüb. Fil Dişi Sahilindən olan 22 yaşlı hücumçu artıq ölkəsinin əsas yığmasına da cəlb olunur. “Prato”nun yetirməsi olan futbolçu 2018-ci ildən “Cenoa”nın uğurları üçün çalışır. O, daha öncə “Çittadella”da da oynayıb.

Kevin Aqudelo da “Cenoa”dan icarəyə götürülüb. Amma 21 yaşlı futbolçunun yayda “Fiorentina”ya birdəfəlik transferi birbaşa onun öz performansından asılı olacaq. Mövsümün qalan hissəsində o, daha çox meydana çıxsa və komandaya faydalı olsa, Florensiya klubu onu heyətdə saxlamalı olacaq. Kolumbiyalı futbolçu “Boqota”nın yetirməsidi. O, ötən mövsümü “Atletiko Hulia”da keçirib. “Cenoa”ya isə 2019-cu ildə gəlib.

“Fiorentina” öz futbolçusu Valentin Eysseriki də “Verona”ya icarəyə göndərib. 27 yaşlı fransalı yarımmüdafiəçi Florensiya klubuna 2017-ci ildə gəlsə də, bu komandada möhkəmlənə bilməyib. “Monako”nun yetirməsi olan, “Nitsa” və “Sent-Etyen”də də oynamış futbolçu, bir müddət “Nant”da da icarədə olub.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button