FİFA-dan İrana qadınlarla bağlı tələb

FİFA prezidenti Canni İnfantino İranda qadınların futbol oyunlarını canlı izləmək üçün stadionlara girişinə qadağa qoyulmasını sərt tənqid edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, dünyanın ali futbol qurumunun lideri, bununla bağlı sözügedən ölkə qarşısında konkret tələblər qoyub.

Bu barədə İnfantinonun İran Futbol Federasiyasının prezidenti Mehdi Taca yazdığı məktubda bildirilir:

“Təəssüf ki, İran 2018-ci ilin mart ayında ölkə prezidenti Həsən Ruhaninin söz verdiyi kimi, qadınların futbol oyunlarına getməsinə hələ də icazə vermir. Bununla əlaqədar İran Futbol Federasiyasından və dövlət məmurlarından xahiş edirəm ki, 15 iyula qədər bütün ölkə vətəndaşlarının futbol oyunlarını izləməsinə imkan verən qərarlar qəbul etsinlər. Bütün İran vətəndaşlarına və bu ölkədə yaşayan əcnəbilərə yığma komandanın DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlarını izləməyə şərait yaradılmalıdır”.

İranda 1979-cu il inqilabından sonra qadınların kişi idmançılar arasında təşkil olunan yarışları canlı izləməsi dövlət səviyyəsində qadağan olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button