
Fərid Qayıbov beynəlxalq yarışlarda uğurla çıxış etmiş idmançılarla görüşüb
İyunun 3-də gənclər və idman naziri Fərid Qayıbov may ayı ərzində Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb.
Bu barədə Komanda.az-a Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bakı Gənclər Mərkəzində təşkil olunan görüş zamanı ötən ay ərzində beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub.
Fərid Qayıbov çıxışında bildirib ki, may ayı ərzində Azərbaycanın Dövlət Himni 15 ölkədə səsləndirilib və idmançılarımız ümumilikdə 70 qızıl, 58 gümüş, 103 bürünc medal qazanıblar. İdmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir onları və məşqçilərini təbrik edib.
Ardınca müxtəlif idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər. Sonda Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük uğurlar arzulayıb.
Bizi Facebook-da izləyin



