“Fənərbaxça”nın forvardı millidən kənarlaşdırıldı

Türkiyənin “Fənərbaxça” klubunun hücumçusu Vedat Muriqi Kosovo milli komandasının heyətindən kənarlaşdırılıb.

Komanda.az xəbər verir ki, buna sözügedən futbolçunun zədədən əziyyət çəkməsi səbəb olub.

Kosovo Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, Muriqi millinin düşərgəsinə qoşulsa da, tibbi müayinələr nəticəsində onun AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Çexiya və İngiltərə ilə oyunlarda komandaya kömək edə bilməyəcəyi müəyyənləşib. Bu üzdən də o, klubunun düşərgəsinə qaytarılıb.

Muriqi AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində 6 oyuna çıxıb, 4 qola imza atıb. O, bu göstərici ilə Kosovo yığmasının ən məhsuldar futbolçusudu. Sözügedən komanda noyabrın 14-də Çexiyanın qonağı olacaq, ayın 17-də isə İngiltərəni qəbul edəcək.