“Azərbaycan futbolunun zəif olmadığını bilirlər, çünki…” – Müsahibə

Estoniyanın “Narva-Trans” klubunda forma geyinən Nurlan Novruzovun Komanda.az saytına müsahibəsi:

  • Nurlan, Estoniyada vəziyyət necədir, koronavirusdan sonra normal həyata qayıda bilirsiz?
  • Burda hər şey qaydasındadır. Artıq normal həyata qayıtmışıq, çox şükür.
  • Azərbaycanda bəzi insanlar virusun varlığına inanmır, sən nə düşünürsən?
  • Açığı, mən də koronavirusun olduğuna inanmıram.
  • Bəs tanıdıqlarından bu virusa yoluxan olub?
  • Xeyr (gülür).
  • Estoniyada koronavirusun yayılması pik həddə olduğu zaman sərt tədbirlər görüldü?
  • Bəli, hər gün ölənlərin sayı artırdı. Ərzaq dükanlarından və apteklərdən başqa, heç yer işləmirdi. İnsanlar bütün günü evdə olur, çölə çıxmırdılar. Qaydalar sərt idi, yüksək məbləğli cərimələr tətbiq olunurdu.
  • Səni də cərimələyiblər?
  • Xeyr, mən qaydalara riayət edirdim.
  • Estoniya çempionatında yeni mövsümə start verilib. Ancaq komandan uğursuz çıxış edir – 4 oyun və 1 xal.
  • Bu, çox pisdir. Bu cür komanda ilə 4 oyundan sonra 1 xal qazanmağımız həqiqətən, şanssızlıqdandır.
  • Bunun səbəbini nədə görürsən? Hər oyunda şanssızlıq yaşayırsız?
  • Hər oyun yaxşı imkanlarımız olur, qol da vururuq, ancaq sonlarda buraxdığımız toplarla uduzuruq. Adi epizodlarda qapımızda qol görürük.
  • Virusun futbolçularda hansısa təsiri qalıb?
  • Yox, demək olar ki, heç kim virusdan danışmır.
  • Koronavirusa qarşı görülən tədbirlər çərçivəsində Estoniyada oyunlar zamanı nə kimi işlər görülür?
  • Oyundan əvvəl hamının temperaturu ölçülür, hər komandaya iki paltardəyişmə otağı verilir, yarı-yarı bölüşürük. Ehtiyat oyunçular iki metr məsafəylə oturur. Qol sevinclərini birlikdə qeyd etməyə, qucaqlaşmağa icazə verilmir.
  • Nurlan, estonlar Azərbaycanı tanıyırmı, futbolumuz haqda məlumatları varmı?
  • Bəli, var. Klublarımızı yaxşı tanıyırlar, Bakını da bilirlər. Hər kəs Bakının gözəlliyindən danışır.
  • Klublarımız haqda nə kimi məlumatları var?
  • “Qarabağ”ı Avropadakı çıxışlarına görə demək olar ki, hər kəs tanıyır. “Neftçi”ni, “Keşlə”ni də tanıyırlar. Azərbaycan futbolunun zəif olmadığını bilirlər, çünki Azərbaycanda oynayan eston futbolçular çox olub.
  • Sən Estoniyaya gedəndə də bu qədər məlumatlı idilər?
  • Bəli, məlumatları var idi. “Levadia”da Dmitri Kruqlov oynayır. Estoniya milli komandasında da çıxış edib. Bir zamanlar Azərbaycanda “Neftçi”, keçmiş “İnter” və “Rəvan”da oynayıb. Onun Azərbaycan haqda yaxşı məlumatı var.
  • Əlaqən var, onunla danışırsanmı?
  • Hələ qarşılaşmamışam. Başqa şəhərlərdə oluruq. Buna görə də, əlaqəmizin olmaması normaldır.

Şahin Cəfərov