“Dünyanın ən pis müdafiəçiləri sırasında deyiləm” – “Arsenal”ın futbolçusu

Son zamanlar “Arsenal”ın heyətində göstərdiyi oyuna görə tənqidlərə məruz qalan Şkodran Mustafi açıqlama verib.

Komanda.az “Speigel”ə istinadən xəbər verir ki, 27 yaşlı alman müdafiəçi, tənqidlərə layiq olmadığını bildirib:

“Arsenal”a transfer olunduqdan sonrakı iki il ərzində işlərim çox yaxşı gedirdi. Amma daha sonra bir neçə səhv etdim və əvvəllər yaşadığım bir qarışıqlıq yarandı. Zədəli olduğum üçün üç həftə oyunlarda iştirak etmədim. Komanda ilə məşqlərə başlamamış meydana çıxmalı oldum, çünki baş məşqçinin mənə ehtiyacı vardı. Həmin vaxt bir neçə səhvim oldu, yenidən zədəmi təzələdim və insanlar sosial şəbəkələrdə məni tənqid etməyə başladılar.

Səhv etdiyimi başa düşmək üçün mən də özümü tənqid edirəm, amma insanların reaksiyaları getdikcə sərt olurdu. Hər kəsin tənqid hədəfinə çevrilirdim. Artıq məğlub olduğumuz oyunlarda iştirak etməsəm belə, mən tənqid olunurdum. Belə vaxtlarda özümdən şübhə etdiyim günlər də oldu. Bir müddət sonra isə zehni cəhətdən güclü olduğumu başa düşdüm. Mən dünyanın ən pis müdafiəçiləri sırasında deyiləm. Futbol qeyri-insani hala gəlib. Sosial şəbəkələr də buna öz təsirini göstərib. İnsanlar məyusluqlarını birbaşa üzərimizə yükləyə bilərlər. Onların yazdıqları idman haqqında deyil, mümkün qədər çox bəyənmə əldə etmək üçün kimisə ləkələməkdir”.