“Dinamik komanda qurmaq istəyirik” – Vüqar Əsgərli

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 0:1 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Toplanışa gec başladıq. İstərdik ki, hazırlaşmaq üçün vaxtımız çox olsun. Bu çatışmazlığı intensiv məşqlərlə aradan qaldırmağa çalışdıq. İlk matçlar həmişə çətin keçir. “Neftçi” regionlarda xüsusi maraqla gözlənilən komandalardan biridir. Bu rəqibə qarşı oyunlar asan keçmir. Çətin olacağını bilirdik. Səviyyə fərqini aradan qaldırmağa çalışsaq da, ilk hissədə futbolçularda həyəcan var idi. Amma ikinci yarıda daha sakit oynadıq. Minimal hesabla da olsa, uduzduq. Futbolçularıma təşəkkür edirəm ki, sonadək mübarizə apardılar.

Gənc və yerli oyunçulardan ibarət dinamik komanda qurmaq istəyirik. Çatışmazlıqları transfer pəncərəsi bağlananadək aradan qaldırmaq niyyətindəyik. Hazırda ön xəttə gənc və perspektivli oyunçu axtarırıq. Danışıqlar davam edir. Ən azı qışadək legioner olmayacaq”.

Əsgərli qapıçı Əkbər Vəliyevin qolla nəticələnən səhvinə də toxunub:

“Səhvlər qaçılmazdır. Hazırda nəticəni yox, uşaqların təcrübə qazanmasını düşünürük. Bunun üçün əlimizdən gələni edirik”.