De Byazinin məktubu

Rəşad Ergün

Azərbaycan milli komandasının italiyalı baş məşqçisi Canni De Byazinin İtaliyadakı dostu Karloya məktubu:

“Əzizim Karlo, səni artıq uzun zamandır görmürəm. Bilirsən, hazırda Azərbaycandayam və səninlə aramızdakı məsafə Turinlə Milan arasındakı qədər deyil. Amma söz verirəm, İtaliyaya dönən kimi səninlə görüşəcəm və bizim dadlı spaggetimizdən yeyib, şirin çaxırımızdan içib, uzun-uzadı söhbət edəcəyik.

Son məktubunda Azərbaycanda həyatımın necə keçdiyini soruşmusan. Hər şey əladır. Xəzərin sahilindəki evimdə qalıram. Özü də, bəxtim gətirib, mənim qaldığım evə günəş işığı düşür. Burdakı federasiya rəsmiləri Bakıda mənim üçün ev axtarmağa başlayanda biz italyanların məşhur məsəlini onlara xatırlatdım: “Günəş düşməyən evə həkimin yolu düşər”. Hə, əziz dostum, bu baxımdan bəxtim yaman gətirib. Bir bilsən Bakıda günəşi görməyən nə qədər binalar, evlər var!

Karlo, mənim əziz dostum, işlərimin necə getdiyini soruşmasan, daha yaxşı olardı. Baş məşqçisi olduğum komanda rəsmən faciədir. Bilirsən, mən Azərbaycandan əvvəl Albaniyada işləmişdim, onların milli komandasını Avropa çempionatının final mərhələsinə çıxarmışdım. İtaliyada, daha sonra Albaniyada işləyəndə düşünürdüm ki, futbol hər yerdə futboldur, aşağı-yuxarı onu hamı eyni cür oynayır. Ancaq Azərbaycanda işləməyə başladıqdan sonra futbolun ölkələrə, insanlara görə dəyişdiyini anladım. Karlo, inanmazsan, amma azərbaycanlılar futbolun nə olduğunu hələ də dərk etməyiblər. Əlbəttə, mənim də səhvlərim var, bunu gizlətməyəcəm. Ən böyük səhvim isə bura gəlmək, sonra müqaviləni uzatmağa razılaşmaq oldu. Baş məşqçi olaraq da, müəyyən səhvlərim ola bilər. Amma əzizim Karlo, sən də yaxşı bilirsən ki, baş məşqçinin kimliyindən asılı olmayaraq, hər futbolçunun əsas vəzifəsi meydana çıxıb, bacardığı qədər yaxşı oynamaqdır. Azərbaycanlılar futbol oynamırlar, Karlo, inan səmimiyyətimə ki, oynamırlar. Ən elementar şeyləri belə, meydanda göstərməyə çətinlik çəkirlər. Sənə bir nümunə deyəcəm, özün hər şeyi anlarsan. Burda ən yaxşı futbol klubu “Qarabağ” komandası sayılır. Həmin komandanın həyətində bütün əsas rollarda əcnəbi futbolçulardır. Bu komandanın baş məşqçisi də vaxtı ilə millidə çalışıb, amma o da heç nəyə nail olmayıb.

Əzizim Karlo, haqlı olaraq soruşacaqsan ki, hər şey belədirsə, sənin orda nə işin var. Haqlısan. Müqaviləm bitən kimi çemodanlarımı yığıb qaçacam. Həyatımın sonuna kimi də “futbol hər yerdə futboldur, eyni cür oynanılır” deyən insanlarla mübahisə edəcəm.

Karlo, mənim sevimli dostum, özünə yaxşı bax, sənin üçün çox darıxmışam. Görüşənədək!”

P.S. Bu “məktub” real deyil, yazı müəllifinin təxəyyülünün məhsuludur.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button