Çempionlar Liqası: “Mançester Siti” də yarımfinala buraxılmadı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Komanda.az xəbər verir ki, bu mərhələnin matçları Portuqaliyada keçirilib və azarkeşsiz oynanılıb. Qarşılaşmalar bir oyundan ibarətdi.

İlk oyun günündə bir qarşılaşma keçirilib. İtaliyanın “Atalanta” klubu Fransa PSJ-si ilə üz-üzə gəlib. Matçın əvvəlində hesabı açan İtaliya klubu son dəqiqələrə qədər hesabda üstün olsa da, Paris təmsilçisi dörd dəqiqə ərzində vurduğu iki ardıcıl qol sayəsində əzmkar qələbə qazanıb. Beləcə, ilk yarımfinalçı PSJ olub.

Mərhələnin növbəti oyununda Almaniyanın “Leyptsiq” klubu Madrid “Atletiko”suyla üz-üzə gəlib. Üç qolun qeydə alındığı qarşılaşma Almaniya təmsilçisinin qələbəsiylə başa çatıb. Beləcə, bu komanda yarımfinala vəsiqə qazanıb. “Leyptsiq” finala vəsiqə uğrunda Fransa çempionu PSJ ilə mübarizə aparacaq.

1/4 final mərhələsinin dünən keçirilən oyununda İspaniyanın “Barselona” klubu ilə “Bavariya” (Almaniya) qarşılaşıb. 10 qolun qeydə alındığı matçda biabırçı hesabla uduzan “Barselona” turnirlə vidalaşıb, “Bavariya” isə yarımfinala yüksəlib.

“Mançester Siti” – “Lion” matçıyla 1/4 finala yekun vurulub. Cütün qalibi yarımfinalda “Bavariya” ilə üz-üzə gələcəkdi. Dörd qolun qeydə alındığı matçın sonunda sevinən tərəf Fransa təmsilçisi olub.

Beləliklə, ÇL-in yarımfinalında “Bavariya” “Lion”la, PSJ “Leyptsiq”lə üz-üzə gələcək.

Çempionlar Liqası, 1/4 final mərhələsi

12 avqust

Atalanta (İtaliya) – PSJ (Fransa) 1:2
Qol
: Paşaliç, 27 – Markinyos, 90. Çupo-Motinq, 90+3.
Baş hakim: Entoni Teylor (İngiltərə)

13 avqust

Leyptsiq (Almaniya) – Atletiko (İspaniya) 2:1
Qol
: Olmo, 51. Adams, 88 – J.Feliks, 71-pen.
Baş hakim: Şimon Marçinyak (Polşa)

14 avqust

Barselona (İspaniya) – Bavariya (Almaniya) 2:8
Qol
: Alaba, 7-öz qapısına. L.Suares, 57 – Müller, 4; 31. Perişiç, 22. Qnabri, 28. Kimmix, 63. Levandovski, 82. Koutinyo, 85; 89.

15 avqust

Mançester Siti (İngiltərə) – Lion (Fransa) 1:3
Qol
: De Breyne, 69 – Korne, 24. Dembele, 79; 87.