Bundesliqada yeni mövsümün başlayacağı tarix açıqlandı

Futbol üzrə Almaniya Bundesliqasında yeni mövsümün başlayacağı tarix açıqlanıb.

Komanda.az xəbər verir ki, 2020/21 mövsümündə ilk turun matçları 18-21 sentyabrda baş tutacaq.

Bu barədə Almaniya Futbol İttifaqının (DFB) rəsmi saytı məlumat yayıb. Qurum yeni mövsümün 11-14 sentyabrda ölkə kubokunun oyunları ilə başlayacağını da açıqlayıb.

Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” komandasının iştirak etdiyi ikinci Bundesliqada da ilk tur 18-21 sentyabrda olacaq.

Bundesliqada 2020-ci ilin son turu 18-21 dekabrda gerçəkləşəcək. Mövsümün gec başlaması ilə əlaqədar qış fasiləsi qısaldılacaq və matçlar yanvar ayının ilk həftəsonunda davam edəcək.

Mövsüm mayın 22-də yekunlaşacaq. Bundesliqada qalmaq üçün keçirilən pley-off görüşləri 26 və 29 mayda olacaq.

Qeyd edək ki, Bundesliqada 2019/20 mövsümünün qalibi “Bavariya” olub.