“Bu, qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacaq” – Ələskərov

“Neftçi”nin futbolçusu Namik Ələskərov Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri matçı dəyərləndirib.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, rəqib qapısından iki top keçirən yarımmüdafiəçi, bunun qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacağını deyib:

“Çoxdandır bir oyunda iki qol vurmurdum. Bu, qarşıdakı oyunlarda da qol vurmaq üçün daha yaxşı motivasiya olacaq. Amma əsas olan komandanın qələbəsidir, qolları kimin vurması deyil. Əlbəttə, azarkeşlərin olmaması bizə çətinlik yaradır. Bununla belə, onlar həmişə bizim yanımızdadır. Biz onların dəstəyini hiss edirik. Bu bizə əlavə güc verir. Təbii ki, uzun fasilədən sonra yenidən meydana çıxmaq çətindir. Hələ tam hazır deyilik. İnanıram ki, oyundan oyuna daha yaxşı oynayacağıq. Çempionatın ilk matçları həmişə çətin keçir, amma əsas olan ilk oyunda qələbə qazanmaq idi. Artıq bu görüşü yaddan çıxarıb “Şkupi” ilə matça köklənmək lazımdır. Bu oyunda qələbə bizim üçün çox önəmlidir”.