Ayxan Abbasov: “Bütün mövqelərə oyunçular üçün baxırıq” – Müsahibə

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun Komanda.az saytına müsahibəsi:

– Ayxan bəy, artıq “Turan Tovuz”un yeni baş məşqçisisiz. Yəqin ki, komanda ilə tanış olmusuz. Gözləntiləriniz nədir?

– Əlbəttə, komanda ilə tanışlıq oldu. Əsasən keçən il birinci divizionda çıxış edən futbolçularla Bakıda 4 günlük toplanışımız baş tutdu, bu gün bitir. Digər klublardan bir neçə gənc futbolçu var idi, onlara da baxdıq. Gələcəkdə yenə onları izləyəcəyik. Bəlkə də, həmin oyunçularla bağlı hansısa qərarlarımız olacaq.

“Turan Tovuz”un bəzi futbolçuları gəncdir, bəziləri milli komandada çıxış edir. Onlara həqiqətən kömək etmək istəyirik. Bilirsiz ki, bizim ikinci komandamız birinci divizionda çıxış edəcək. Hər iki komandada olan futbolçulara baxırıq, bəyəndiklərimiz var. Çalışacağıq ki, gələcəkdə onlardan istifadə edək.

– “Turan Tovuz”un Premyer Liqada yeni mövsüm üçün hədəfi nədir?

– 9 ildən sonra Premyer Liqaya qayıtmaq “Turan Tovuz” üçün böyük bir işdir. Bizi çətin bir yol gözləyir. Biz bu gün yalnız əsas komandanı fikirləşmirik. Bütün komandaların eyni cür çalışması, akademiyamızdan əsas komandaya, ikinci komandaya oyunçuların çıxması, Premyer Liqada özümüzə aid bir komandanın olması üçün çalışırıq. Pillə-pillə inkişaf etmək istəyirik. Əsas hədəfimiz budur.

– Yəqin ki, yeni mövsüm üçün transfer planlarınız var. Hansı mövqeləri gücləndirməyi düşünürsüz?

– Transferlər üçün çalışırıq. Bütün mövqelərə oyunçular üçün baxırıq. Həm yerli futbolçu, həm də legioner transfer etməyi planlaşdırırıq. Çalışacağıq ki, ən çox yerli futbolçular olsun, çatışmayan mövqeləri legionerlərlə əvəz edək.

– Hansısa futbolçularla razılıq əldə etmisiz?

– Bəli, razılığa gəldiyimiz futbolçular var. Yaxın günlərdə onlarla da müqavilə bağlayacağıq.

Bizi Telegramda izləyin

Mehri Qurban