“Barselona” 13 mövsüm idi bu aqibətlə üzləşmirdi

Futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində Fransanın PSJ klubu ilə cavab qarşılaşması İspaniyanın “Barselona” klubu üçün antirekordlarla əlamətdar olub.

Komanda.az xəbər verir ki, ilk oyunda 1:4 hesabıyla uduzmuş Kataloniya təmsilçisi səfərdəki 1:1 hesablı heç-heçə nəticəsində mübarizəni dayandırmalı olub.

Bununla da “Barselona” 2006/07 mövsümündən sonra ilk dəfə 1/8 finalda dayanıb. Komanda həmin vaxtdan ardıcıl 13 mövsüm idi 1/4 finala vəsiqə qazanırdı.

Qarşılaşma “Barselona”nın ulduz futbolçusu Lionel Messi üçün də antirekordla yadda qalıb. 34 yaşlı hücumçu 2015-ci ildən sonra ilk dəfə Çempionlar Liqasında penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib. 6 il əvvəl argentinalı oyunçunun zərbəsini İngiltərənin “Mançester Siti” klubunun sabiq qapıçısı Co Hart, PSJ ilə matçda isə Keylor Navas dəf edib.

Həmçinin 2005-ci ildən sonra qitənin bir nömrəli klub turnirinin 1/4 finalında nə Kristiano Ronaldo, nə də Lionel Messi iştirak edəcək. Ronaldonun formasını geyindiyi “Yuventus” (İtaliya) da Portuqaliyanın “Portu” klubu ilə mübarizədən məğlub ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button