Azərbaycanlı güləşçi ermənini məğlub edib, qızıl medal qazandı

Rusiyanın Yakutsk şəhərində olimpiya, dünya və Avropa çempionu Roman Dmitriyevin xatirə turniri keçirilib.

Komanda.az xəbər verir ki, gənc sərbəst güləşçilər arasında keçirilən ənənəvi yarışın ilk günündə finalçılar müəyyənləşib.

Murad Haqverdiyev iki Rusiya güləşçisinə qalib gələrək 1/4 finala yüksəlib. Ancaq yarımfinala gedən yolda digər yerli idmançıya məğlub olub. Mübarizəyə 1/4 finaldan qoşulan Sabir Cəfərov iki rəqibi üzərində inamlı qələbə qazanaraq adını finala yazdırıb.

Cəbrayıl Hacıyev ilk iki mərhələdə Rusiya təmsilçilərinə heç bir şans tanımayıb. Yarımfinalda Qırğızıstan idmançısından da güclü olan Hacıyev finala vəsiqə qazanıb.

Final qarşılaşmaları mayın 1-də keçirilib. Güləşçilərimiz finalda Rusiya idmançılarıyla qarşılaşıb. Həlledici görüşdə rəqibinə uduzan Sabir Cəfərov turniri gümüş medalla başa vurub. Cəbrayıl Hacıyev isə son görüşdə Rusiyanı təmsil edən erməni güşəlçi Arsen Balayan üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Beləliklə, 3 güləşçiylə xatirə turnirinə qatılan Azərbaycan millisi yarışı 1 qızıl və 1 gümüş medalla başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button