“Problem Mahirdə deyil, “Legiya”dadır” – AÇIQLAMA

Azərbaycan milli komandasının sabiq futbolçusu, vaxtı ilə Polşada çıxış etmiş Saşa Yunisoğlu “Legiya”da forma geyinən Mahir Emreli haqda danışıb.

Komanda.az saytına açıqlama verən keçmiş müdafiəçi, Emrelinin son zamanlarda uğursuz çıxış etməsi haqda bunları deyib:

“Mahirlə çoxdandır danışmıram. Son zamanlarda nəyə görə uğursuz olduğunu deyə bilmirəm. Buna baxmayaraq, “Legiya”nın oyunlarını izlədikdən sonra öz fikrim formalaşıb. Mahir qol vurmalıdır və “Legiya” bunun üçün onu transfer edib. Mahirin son vaxtlarda qol vura bilməməsinin səbəbləri var. Ümumi götürsək, “Legiya”nın problemi hücum xəttində deyil, müdafiədədir. Elə səhvlər edirlər ki, sanki heyətdə olanlar 15 yaşlı uşaqlardır. Həm də, son vaxtlarda Mahirə az top çatır, o da top almaq üçün geri qayıtmalı olur. Halbuki orta xətt oyunçuları tez-tez cərimə meydançasında Mahiri tapmalıdırlar. Amma ona top nadir hallarda gəlir. Ona görə deyirəm ki, problem Mahirdə deyil, “Legiya”dadır.

Futbol azarkeşləri belə detalları görmürlər və buna görə Mahirdən narazılıq edə bilərlər. Lakin futbol komanda oyunudur və Mahir tək nəyisə edə bilməz. “Legiya” azarkeşləri çox səbirsizdirlər. Çünki bu komanda hər zaman yüksək yerlər uğrunda oynayır. Yenə deyirəm, üç ay əvvəlki “Legiya” ilə indiki arasında fərq var”.

Yunisoğlu son olaraq Mahir Emreliyə öz tövsiyəsini verib:

“Mahirə ruhdan düşməməyi tövsiyə edirəm. O, daim öz üzərində işləməli və karyerası haqda düşünməlidir. Mahir bir qol vursa, hər şey yoluna düşəcək. “Legiya” Mahirin potensialına görə ən yüksək klub deyil. Mahir daha güclü və yaxşı komandada oynaya bilər. Ona uğurlar arzu edirəm. İnanıram ki, Mahirin səsi Avropanın TOP-5 klublarından gələcək.

Mən gənclərlə çalışıram. “Sabah-2″də və bizim kollektivdə kifayət qədər potensiallı futbolçular var. Yuxarı qalxmaq, uğur qazanmaq üçün daim üzərində çalışmalısan, peşəkar olmalısan. Futbol yolunu seçmisənsə, bu yol üçün başqa şeyləri qurban verməyə hazr olmalısan. Yoxsa hər zaman ya ortada, ya da aşağıda qalacaqsan”.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button