Azərbaycanda 2021-ci ilin ən yaxşı futbol məşqçisi adına NAMİZƏDLƏR

Artıq uzun illərdir ki, hər ilin sonuna yaxın Azərbaycanın ən yaxşı futbol məşqçisinin seçilməsi işini Komanda.az saytı həyata keçirir.

İdman mətbuatı və ictimai-siyasi mətbuatın nüfuzlu qəzetlərinin, saytlarının, telekanalların qatıldığı sorğuda məlum olur Azərbaycanın ən yaxşı futbol məşqçiləri.

2021-ci ilin ən yaxşı məşqçisini bu dəfə də Azərbaycan mətbuatı seçəcək. İlin məşqçisi olmağa namizədləri seçərkən, onların son bir ildə qazandığı nəticələri əsas götürülür.

Beləliklə, Komanda.az sizə 2021-ci ilin ən yaxşı futbol məşqçisi olmağa namizəd 5 mütəxəssisi təqdim edir:

2021-ci ilin “Ən yaxşı məşqçi”si olmağa namizədlər:

Ayxan Abbasov – “Sumqayıt”

Ayxan Abbasovun baş məşqçisi olduğu “Sumqayıt” son mövsümdə Azərbaycan Premyer Liqasının bürünc medallarını qazanmaqla yanaşı, kubokun finalında da iştirak etdi. Komanda final matçında “Keşlə”yə məğlub olsa da, “Sumqayıt” UEFA Konfrans Liqasına vəsiqəni çempionatda 3-cü yeri tutması ilə təmin etdi.

Samir Abasov – “Neftçi”

“Neftçi” uzun fasilədən sonra nəhayət, son mövsümdə Azərbaycan Premyer Liqasının qalibi olmağı bacardı. Komandanın bu uğurunda baş məşqçi Samir Abasovun rolu böyükdür.  Düzdür, “ağ-qaralar” vəsiqə qazandıqları Çempionlar Liqasında, daha sonra Avropa Liqasında və Konfrans Liqasında uğursuz çıxış etdi. Amma komandanın əsas rəqibi “Qarabağ”ı geridə qoyaraq, Azərbaycan çempionu olması faktı heç də gözardı edilməməlidir.

Qurban Qurbanov – “Qarabağ”

“Qarabağ” son mövsümdə 2-ci yerlə kifayətlənib, Azərbaycan çempionu ola bilməsə də, komanda yenə avrokuboklarda ölkənin ən yaxşı təmsilçisi ünvanını əlində saxladı. Qurban Qurbanovun baş məşqçisi olduğu “köhlən atlar” UEFA Konfrans Liqasında qrup mərhələsinə vəsiqə qazandı. Artıq “Qarabağ”ın Konfrans Liqasında pley-off mərhələsinə yüksəlməsi də dəqiqləşib. Bu isə Azərbaycan futbolu tarixində ilkdir.

Rəşad Sadıqov – “Zirə”

Rəşad Sadıqovun “sükanı arxasında” olduğu “Zirə” son mövsümdə mükafatçılar sırasına düşə bilməsə də, komanda inamlı oyunu ilə seçildi. “Zirə” son mövsümdə avrokuboklara vəsiqə qazanan “Sumqayıt”dan Premyer Liqada sadəcə bir xal geri qaldı. Sadıqovun komandası ölkə kubokunun yarımfinalına kimi irəliləməyi də bacardı. “Zirə” cari mövsümdə də uğurlu çıxış edir.

Sənan Qurbanov – “Keşlə”

“Keşlə” son mövsümdə bəlkə də, çoxunun gözləmədiyi halda Azərbaycan kubokunu qazandı. Komandanın bu uğurunda baş məşqçi Sənan Qurbanovun rolu az olmadı. “Keşlə” UEFA Konfrans Liqasında uğursuz çıxış etsə də, ölkə kuboku klubun azarkeşləri üçün böyük təsəlli idi.