Azərbaycan millisindən Kosovo üzərində qələbə

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan milli komandasının iştirak etdiyi AÇ-2022-nin təsnifat mərhələsində E qrupunun oyunlarına start verilib.

Komanda.az xəbər verir ki, millimiz ilk matçda yarışın ev sahibi olan Kosovo yığması ilə qarşılaşıb.

Oyun komandamızın üstünlüyü ilə başlayıb. İlk setdə 25:17 hesabı ilə qalib gələn millimiz sonrakı hissələrdə də rəqibindən üstün olub – 25:11, 25:20. Beləliklə ilk görüşdə 3:0 qalib gələn Eldar Əliyevin komandası 3 xala yiyələnib.

Bu gün qrupun digər matçında Niderland Slovakia ilə üz-üzə gəlib. Görüş Niderland millisinin 3:0 (25:22, 25:20, 25:21) hesablı qələbəsi ilə bitib.

Eldar Əliyevin komandası sabah Niderland millisi ilə qarşılaşacaq.

Təsnifat mərhələsində 21 komanda 6 qrupda qüvvəsini sınayacaq. Qrup qalibləri və ən yaxşı ikinci yerin sahibi iyul ayında Polşada keçiriləcək AÇ-2022-nin final mərhələsinə vəsiqə qazanacaq.