Azərbaycan futbolunun üzünə söymək

Rəşad Ergün

Keçmişinin “təmiz” olmadığını AFFA-nın prezidentindən tutmuş, sıravı azarkeşə kimi – hər kəsin bildiyi, tanıdığı Xaqani Məmmədov uzun illər Azərbaycan futbolunun hakimliyinin başında dayandıqdan sonra nəhayət, yola salındı. AFFA rəhbərliyi “bəh-bəh”lə avstriyalı Frits Stuxliki Hakimlər və Hakim İnspektorlar Komitəsinin başına gətirdi. Hakimlik etdiyi dövrdə haqqında xeyli rüşvət iddiaları olan Xaqani Məmmədovun yola salınıb, əvəzinə əcnəbinin komitəyə sədr təyin olunmasına sevinmək olardı…

Amma olmadı. Stuxlikin komitəsinin üzvləri arasında iki şəxsin adı sevincimizi qursağımızda buraxdı. Elçin Məmmədov və Anar Salmanov. Keçmişlərinə aid yaxşı heç nəyin olmadığı iki sabiq referi. Barələrində dəfələrlə rüşvət iddiaları ortaya atılan iki “qurd”. Rüşvət iddialarına görə cəzalandırılmış iki sabiq hakim. Azərbaycan futbolunda oyun alverinin şıdırğı dönəmində iş başında və üzdə olan iki şəxs. Və…

Və indi Elxan Məmmədov bu iki adamı gətirib, Azərbaycan futbolunun hakimliyində söz sahibi edib. Salmanov komitə üzvü olmaqla yanaşı, “İdman Azərbaycan” telekanalında da tez-tez efirə çıxır, hakimliyin incəliklərindən, başqalarının yol verdikləri səhvlərdən danışır, yol göstərir… Kül olub Azərbaycan futbolunun başına!

Elçin Məmmədov isə konkret, ortalıqda görünməsə də, “qurbanlar”ı ortalıqdadır. Bir neçə gün əvvəl xanım FİFA referisi Xəyalə Əzizzadə Elçin Məmmədovla bağlı sərt ittihamlar səsləndirmişdi. Əzizzadə hakimlikdən uzaqlaşdırılıb və günahkar kimi Elçin Məmmədovu göstərir:

“İnanmıram ki, Stuxlik belə bir addım atsın. Böyük etimalla, onun beynini dolduran Elçin Məmmədovdur. Məmmədov hansısa səbəbdən mənimlə prinsip aparır. Ola bilsin, onun haqqında səsləndirdiyim fikirlərim xoşuna gəlməyib. O çox kinli adamdır. Elçin avstriyalını da təsir altına salmağı bacarıb. Görün son günlər neçə nəfər fiziki testi verə bilməmək bəhanəsiylə kənarda qalıb. Bütün bunlar onun işidir. Mövsümün sonuna yaxın 12 ədalət təmsilçisinin – aralarında FİFA referisi də var – cəzalandırılması nə deməkdir?

Məmmədovun əlinə yaxşı fürsət düşüb. Vaxtilə kiminlə problemi vardısa, indi onları bir-bir sıradan çıxarır. Sözün əsl mənasında kişi olan şəxs heç vaxt zənən xeylağı ilə prinsip aparmaz. Onun kimilərə görə kişilik də hörmətdən düşür. Mən həmişə sözlərimin arxasındayam. Daha bəziləri kimi yox”.

Elçin Məmmədovun Əzizzadə ilə problemi nədir, niyə onun hakimlikdən uzaqlaşdırılmasına səbəb olub, bu barədə hökm vermək çətindir. Bunun üçün gərək qarşı tərəfi – Məmmədovu da dinləyək.

Ancaq mənim bildiyim bir şey var, cənablar, sizin heç biriniz ağıllı-başlı, düz adamlar deyilsiz. Sizin futbolda hakimlik etdiyinizdən daha çox illərim keçib Azərbaycan futbolunda, jurnalistikasında. Dəfələrlə idarə etdiyiniz oyunları da izləmişəm, müsahib də olmusuz. Müsahib demişkən, həmin bu Elçin Məmmədov bir dəfə mənim əvvəl işlədiyim media qurumuna gəlib, AFFA-nın keçmiş baş katibi Fuad Əsədovu döydüyünü demişdi. Xəbəri yazmışdıq, sonra bu Məmmədov, Əsədovu döymədiyini, bizim yalan informasiya yaydığımızı bildirmişdi.

Elxan Məmmədovun Azərbaycan futbolunun başına açdığı oyunlardan biridir Elçin Məmmədovla Anar Salmanov. Keçmişlərinə aid xeyli şübhələrin, rüşvət iddialarının olduğu şəxsləri Azərbaycan futbolunun hakimliyinin idarəçiliyinə gətirmək Azərbaycan futbolunun üzünə söyməkdir, tüpürməkdir!

P.S. Elçin Məmmədovun müxtəlif yerlərdə, müxtəlif şəxslərə özünü hansısa dövlət qurumunun əməkdaşı kimi təqdim etdiyinə dair söyləntilər də var. Bu, nədir, qorxutmaq? Haydı, Elçin Məmmədov, bir də məni qorxut.