Azərbaycan futboluna rəhbərlik edənlərin sifətinə…

Kürşad

Son illərdə Azərbaycan futbolunun Avropanın yaşıl meydanlarında üz qabığına, simasına, səsinə, nəfəsinə, sözünə çevrilən iki komandasının – “Qarabağ”la “Qəbələ”nin ölkənin baş kəndində, döyünən ürəyi olan Bakısının düz ortasında, mərkəzində, Tofiq Bəhramov adına stadionda keçirilən oyununu izləmək üçün vur-tut 2 min adam arenaya gedirsə… Yox, kəlmələr yetmir bunu izah etmək üçün. Azərbaycan Premyer Liqasının hər turunda üst-üstə, gücənə-gücənə 3000-3400 azarkeşin qeydə alındığını yazarkən də sözlər üsyana qalxır, hərflər, durğu işarələri bir-birinə girir.

Heyf ki, “vətənə xəyanət” adlı cinayət məcəlləsinə “ölkənin futbol imicini zədələmək, gözdən salmaq, rüsvay etmək” kimi zad daxil edilməyib. Edilsəydi, Azərbaycan futboluna rəhbərlik edənlər indi dəmir barmaqlıqlar arasında olmalı idi. Amma deyillər, işlərinin başındadırlar – dağıtmaq, rüsvay etmək, gözdən salmaq işləri.

Dəqiq xatırlamıram Bakı Olimpiya Stadionunun (BOS) inşası üçün neçə milyon manat xərclənmişdi. Ancaq dəqiq bilirəm ki, BOS-un inşasına sərf olunan pula Tovuzdakı, Şəmkirdəki, Gəncədəki, Masallıda adını daşıdığı Anatoli Banişevskinin ruhunu miskin görkəmi ilə hər gün, hər saat, hər dəqiqə təhqir edən o stadionda, stadionlarda yenidənqurma işləri həyata keçirib, o arenaları müasir standartlar dərəcəsinə çatdırmaq olardı. Ondan sonra “Səbail”, “Sumqayıt”, “Keşlə” kimi heç bir zada dərman olmayan klublara ayrılan büdcəni bir qədər azaldıb, Gəncədə, Tovuzda, Masallıda, Şəmkirdə, Qubada, Zaqatalada klub saxlamaq mümkün idi. Hələ əla bazaya, stadiona sahib olan Lənkəranı demirəm.

Bakı Olimpiya Stadionunun 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunları və başqa böyük tədbirlər üçün tikildiyini demək istəsəz, xub, elə olsun. Bəs “Bayıl Arena”, 8-ci km stadionu, sayı-hesabı bilinməyən çoxlu olimpiya komplekslərinin stadionları? Bakıya bu qədər stadion yükləməkdənsə, rayonlarda dağılıb-tökülən arenaları təmir etmək olmazdımı?

Mən Azərbaycan futboluna rəhbərlik edənlər, söz sahibləri arasında futbolu düz-əməlli qanan bircə nəfərin də olduğuna əmin deyiləm, inanmıram. Amma elə biri varsa, onun üçün yazıram: “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi maliyyə cəhətdən güclü, iddialı, Avropaya çıxıb bizi rüsvay etməyəcək klubların ətrafında komanda sayı çox olan çempionat keçirmək çətin deyil! Mərhum AFFA prezidentləri – Fuad Musayevlə Ramiz Mirzəyevin dövründə necə idi? Azərbaycan çempionatında 3-4 güclü klub var idi, qalanları onlarla, onların yanında mübarizə aparırdı. Buraxın Tovuzu, Gəncəni, Qubanı, Masallını, Lənkəranı, Şəmkiri, Zaqatalanı Azərbaycan futboluna! Bu rayonlar futbol görsün, top görsün. “Neftçi”yə, “Keşlə”yə, “Səbail”ə ayrılan 25-30 milyon manatlıq büdcənin yarısı bəs edər bütün Azərbaycanda futbol olması üçün. İnanın, bəs edər! Sizin bütün bu yarıtmaz, “vətən xaini” statusunda olan, cəzasız qalan addımlarınız, hərəkətləriniz də bəs edər. Artıq yetər. Yetər ələ saldız bu ölkəni, bu ölkənin futbolunu, çempionatını.

Son illərdə Azərbaycan futbolunun markasına çevrilən iki komandanın – “Qarabağ”la “Qəbələ”nin oyununu stadiondan cəmi 2 min adamın izlədiyini oxuyanda, görəndə, adamın mədəsi bulanır. Bulanır və Azərbaycan futboluna rəhbərlik edənlərin düz sifətinə qusmaq, qaytarmaq istəyir…

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button