Nazirdən “Düdelanj” – “Qarabağ” oyunundakı təxribatla bağlı açıqlama

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun “Düdelanj” – “Qarabağ” oyununda (1:4) baş vermiş erməni təxribatı ilə bağlı Lüksemburqda istintaq davam edir.

Komanda.az Lüksemburq mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin milli təhlükəsizlik naziri Fransua Bauş yerli parlamentin deputatları Nensi Kepm-Arendt və Pol Qallın sorğusunu cavablandırarkən deyib.

Nazir, Lüksemburq polisinin “Jozi Bartel” stadionunda keçirilən görüşdə xüsusi təhlükəsizlik tədbirlərinin görülməsi barədə UEFA tərəfindən məlumatlandırılmadığını bildirib:

“Matçın gedişində stadionun üzərində dronun uçma ehtimalı barədə də heç bir xəbərdarlıq edilməyib. Erməni separatçılarının bayrağı asılan dron stadionun üstündən uçan zaman vəziyyətin kəskinləşəcəyi ehtimal edildikdə, dərhal əlavə dəstək üçün 30 agent çağırıldı. Dron və onu idarə edənlər tapılmadı. Nəzarət kameralarının görüntülərinin keyfiyyəti zəif olduğundan, ordan da heç bir nəticə əldə edilmədi. İstintaq davam edir. Yaxın həftələrdə məlumat veriləcək”.

“Düdelanj”la matçda “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Jozi Bartel” stadionunun üzərinə dron vasitəsilə qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağı gətirilib. Nəticədə oyunda fasilə yaranıb və matç 24 dəqiqədən sonra davam etdirilib.