AVF rəsmisi CEV-in plenar iclasında iştirak etdi

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin üzvü Cəlil Cəfərov qurumun plenar iclasında iştirak edib.

Komanda.az xəbər verir ki, CEV-in İdarə Heyəti bu ilin 2-ci toplantısını mayın 21-də Sloveniyanın paytaxtı Lyublyana şəhərində keçirib.

Yığıncaqda Beynəlxalq Voleybol Federasiyasının (FİVB) prezidenti Ari Qraça, CEV prezidenti Aleksandr Boriçiç və CEV-in İdarə Heyətinin üzvləri iştirak ediblər. İclasa CEV prezidenti Aleksandr Boriçiç rəhbərlik edib. O, çıxışı zamanı Beynəlxalq Voleybol Federasiyasının (FİVB) prezidentinin bu iclasda iştirakından çox məmnun olduğunu qeyd edib. Boriçiç bildirib ki, Konfederasiyanı qarşıda gərgin yarışlar və böyük layihələr gözləyir: “CEV-in İdarə Heyətinin hər bir üzvü hər zaman voleybolun inkişafı üçün çalışıb və yenə də əlimizdən gələni etməliyik”.

İclasda iştirak edən FİVB prezidenti Ari Qraça da öz fikirlərini bölüşüb və Avropada, dünyada milli federasiyalara göstərilən dəstəyi vurğulayıb: “Biz 2017-ci ildən bəri Avropanın 56 federasiyasının 3 milyon avrodan çox olan 110 layihəsini təsdiqləmişik. Bu, ümumilikdə 521 layihənin bir hissəsidir və ümumi sərmayəsi 11 milyon avrodan çoxdur”.

FİVB prezidenti Ari Qraça, CEV prezidenti Aleksandr Boriçiç və CEV-in İdarə Heyətinin üzvləri mayın 22 -də Lyublyana şəhərində keçirilən qadınlar və kişilər arasında Çempionlar Liqasının final oyunlarını izləyəcək və mükafatlandırma mərasimində iştirak edəcəklər.

Qadınların yarışında “Konegliano” (İtaliya) “VakifBank”la (Türkiyə), kişilərin yarışında isə ZAKSA (Polşa) “Trentino” (İtaliya) ilə üz-üzə gələcək.