AFFA rəsmisindən Azərbaycan millisinə çağırılacağı deyilən Ozobiçlə bağlı AÇIQLAMA

AFFA “Qarabağ”ın futbolçusu Filip Ozobiçi milliləşdirə bilər.

Bununla bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Komanda.az saytına açıqlamasında deyib. O, Ozobiçin iyulun ortalarında Azərbaycanda olmasının 5 illiyinin tamam olacağını və daha sonra yığmanın baş məşqçisi Canni De Byazinin istəyinə uyğun olaraq, lazımı sənədləri hazır etdikdən sonra FİFA-ya müraciət edəcəklərini bildirib:

“Ozobiçin Azərbaycanda olmasının 5 ili iyulun ortalarında tamam olacaq və baş məşqçinin istəyinə uyğun olaraq, o zaman AFFA müvafiq sənədləri təqdim etməklə FİFA-ya müraciət edəcək”.

AFFA rəsmisi, Ozobiçə Azərbaycan vətəndaşlığının verilməsi məsələsi haqda isə bunları deyib:

“Futbolçuya vətəndaşlıq verilməsi AFFA-nın səlahiyyətində olan məsələ deyil, burada söhbət futbolçunun milli komandaya cəlb olunmasından gedir, bunun üçün isə yuxarıda qeyd etdiyim vaxtı gözləməli olacağıq. De Byazinin istəyib-istəməməsi isə hələ ki futbolçunun millimizdə oynamasına hüquqi baxımdan imkanın olub-olmamasına bağlı məsələdir”.

Filip Ozobiç 2016-cı ilin iyulunda Xorvatiyanın “Slaven” klubundan “Qəbələ”yə keçib. 30 yaşlı yarımmüdafiəçi iki il “qırmızı-qaralar”da forma geyindikdən sonra – 2018-ci ilin yayında “Qarabağ”a keçib. Ozobiç bu mövsüm Azərbaycan Premyer Liqasında “köhlən atlar”la 20 oyunda 11 qol vurub, 5 məhsuldar ötürmə edib.