Adebayor koronavirusa görə klubsuz qaldı

Futbol üzrə Toqo yığmasının sabiq hücumçusu Emmanuel Adebayor Paraqvayın “Olimpiya” klubu ilə yolları ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 36 yaşlı forvardla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, koronavirus pandemiyasına görə vətəninə yollanan futbolçunun yenidən Paraqvaya qayıtması riskli hesab olunduğuna görə, tərəflər müqavilənin ləğvini məqsədəuyğun sayıblar.

Qeyd edək ki, Adebayor “Olimpiya”ya bu ilin fevral ayında transfer olunmuşdu. O, sözügedən komandanın heyətində cəmi 4 rəsmi oyuna çıxıb.

Toqolu futbolçu karyerası ərzində “Arsenal”, “Mançester Siti”, “Real”, “Başakşəhər” və “Kayserispor” klublarında da forma geyinib.